30 okt
UNEC-də elmi konfransda müzakirələr aparılıb
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə oktyabrın 27-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət qurumlarının rolu və vəzifələri” mövzusunda elmi-praktik konfrans keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə ölkəmizin dövlət qurumlarını, aparıcı elm və təhsil müəssisələrini, kütləvi informasiya vasitələrini təmsil edən nümayəndələr, Auditorlar Palatasının kollektivi və üzvləri iştirak ediblər.
Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə və Auditorlar Palatasının sədri Vahid Novruzov çıxışlarında konfransın əhəmiyyətindən bəhs ediblər.
Konfransda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov, Mərkəzi Bankın Maliyyə Monitorinqi departamentinin 2-ci monitorinq şöbəsinin rəisi Vüsal Həsənov məruzələrlə çıxış ediblər. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Saleh Məmmədov, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini dosent Elşad Səmədzadə, İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin aparıcı məsləhətçisi Yusif Məmmədov, Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə, Auditorlar Palatasının üzvü sərbəst auditor Şamxal Kərimov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev və “KPMG Audit Azərbaycan” MMC-nin audit üzrə partnyoru Nəsibə Muradxanovanın məruzələri dinlənilib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, habelə təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.
Konfransın keçirilməsində məqsəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın nəzarət qurumları və öhdəlik daşıyan şəxslər qarşısında yaratdığı yeni vəzifələrin icrası istiqamətində işgüzar müzakirələrin aparılması və tövsiyələr hazırlamaqdan ibarət olub.
307