28 okt
Mingəçevirin 75 illiyi münasibətilə məktəblərdə silsilə mühazirələr təşkil edilib
Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunan “Mingəçevir şəhərinin dünəni və bu günü” mövzusunda silsilə mühazirələr təşkil olunub.
AzEdu.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Mingəçevir şəhər 1, 3, 11, 12 və 16 saylı tam orta məktəblərdə təşkil olunan mühazirələrdə 44 günlük Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, ziyalılar, təhsil işçiləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə təşkil edilmiş kitab, rəsm və əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
Mühazirələrdə Ümummilli Liderimiz Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra “Tarixi qədim, ruhu gənc olan şəhərim” adlı film nümayiş olunub.
Məktəb direktorları, MDU-nun akademik və inzibati heyət üzvləri çıxışlarında Mingəçevirin 75 illik yubileyinin “Heydər Əliyev İli”ndə və “Gənclər paytaxtı” statusunda qeyd olunmasının əlamətdar hadisə olduğunu vurğulayıblar. Şəhərin tarixi və müasir inkişafı barədə maariflənmənin önəmindən danışılıb, mühazirələrin əhəmiyyəti diqqətə çatıdırılıb.
MDU-nun Humanitar fənlər kafedrasının müəllimləri Vüsalə Mövlayeva və Aygün Qədirova məruzələrlə çıxış edərək Mingəçevirin qədim tarixi, təbii-coğrafi mövqeyi və sosial-iqtisadi inkişafı haqqında məlumat veriblər. Məruzələrdə, həmçinin şəhərdə təhsil, mədəniyyət, incəsənət, idman və sağlamlıq sahələrinin inkişafına dövlətin yüksək diqqət və qayğısından da bəhs edilib.
Məktəblilərin təqdimatında Mingəçevirə həsr olunmuş nəğmələr və şeirlər səsləndirilib, rəqslər ifa edilib.
Qeyd edək ki, Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.
153