WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
27 okt

UNEC-də forum keçirilib

Oktyabrın 27-də “British Council” təşkilatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə ingilis dilinin tədrisi və qiymətləndirilməsi mövzusunda forum keçirib.

 

AzEdu.az xəbər verir ki, forumun məqsədi “British Council” təşkilatının Azərbaycanda həyata keçirdiyi və son iki ildə Bakıdan, habelə rayonlardan olan təxminən 4300 orta məktəb müəllimini bir araya gətirmək, ingilis dili üzrə Onlayn Müəllim İcması proqramının nailiyyətlərini paylaşmaqdır.

 

Tədbirdə çıxış edən Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld, “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov proqramın uğurlu olduğunu qeyd ediblər. Onlar Azərbaycanda təhsil sahəsində həyata keçirilən təşəbbüslərdən və qabaqcıl təcrübələrdən danışıblar.

 

“British Council”ın “Gələcəyin ingilis dili” (Future English) proqramı çərçivəsində reallaşdırılan Onlayn Müəllim İcması Cənubi Qafqazın 6 ölkəsində, Qazaxıstan, Ukrayna və Özbəkistanda ingilis dili müəllimlərinin davamlı peşəkar inkişafını təmin edir. Proqram müəllimlərin müstəqil şəkildə keçdiyi təlim modulları, habelə forum və vebinarlar vasitəsilə qarşılıqlı əlaqədə olması və həmkarlarından öyrənməsi üçün platformanı əhatə edir. Proqram müəllimlərin və müəllim təlimçilərinin göstəricilərini təkmilləşdirməsi və şagirdlərlə daha yaxşı nəticələrə nail olmasına kömək edir. Onlayn Müəllim İcması proqramı Təhsil İnstitutunun akkreditasiyasına malikdir.

 

Forum 2021-ci ildən bu proqramda iştirak edib və yüksək nəticələrə nail olmuş 200-dən çox müəllimi bir araya toplayıb.

 

Tədbirdə ingilis dilinin tədrisinin və qiymətləndirilməsinin keyfiyyətinin artırılmasına dair məruzələr dinlənilib.

139

PAYLAŞ