27 okt
MDU Birinci Məzun Forumu keçirəcək
Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentlyinin (DMA) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Əmək Yarmarkası və MDU Birinci Məzun Forumu keçiriləcək.
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, ƏƏSMN və Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbir 2023-cü il noyabrın 3-də MDU-nun əsas tədris binasında təşkil olunacaq.
Bu günə olan məlumata görə, Əmək Yarmarkasında Mingəçevir şəhərində yerləşən 16 dövlət və özəl müəssisələri tərəfindən 165 vakansiya (o cümlədən MDU üzrə 14 vakansiya) təqdim olunacaq.
MDU tarixində ilk dəfə keçirilən Birinci Məzun Forumunun təşkilində əsas məqsəd məzunların və universitetin uğurlarını paylaşmaq, eləcə də universitet-məzun əlaqələrini inkişaf etdirmək üçün faydalı platforma təmin etməkdir.
Forum çərçivəsində qonaqların və məzunların çıxışları ilə 3 panel iclasının keçirilməsi, MDU Məzunlar Assosiasiyasının təsis edilməsi və mədəni fəaliyyətlərin reallaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və məzunların hərtərəfli inkişafına xüsusi önəm verilir, məzunların işlə təminatı diqqət mərkəzində saxlanılır.
101