WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
24 okt

MDU aliminin rəhbərliyi ilə lüğət hazırlanıb

Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun rəhbərliyi ilə “Nur şəhərinin dil yaddaşı” adlı (“Elm və təhsil”, 2023-cü il) dialektoloji lüğət tərtib edilib.

 

Univesitetdən AzEdu.az-a bildirilib ki, lüğətdəki sözlərin toplanmasında MDU-nun müəllimləri ilə yanaşı “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr də yaxından iştirak ediblər. Onlar, Mingəçevirin yaşlı sakinləri ilə görüşüb, dialektoloji materiallardan, çap olunmuş lüğətlərdən, monoqrafiyalardan istifadə ediblər. Tələbələr ədəbi dilimizdə işlənməyən, lakin Mingəçevir şəhərin şivəsində mühafizə olunan mindən artıq söz bazası formalaşdırıblar.

 

Lüğətin sözlüyünə daxil olan sözlər bir daha sübut edir ki, Mingəçevir ərazisi qədim və əbədi türk yaşayış məskənidir. “Ön söz”də qeyd olunduğu kimi, yerli əhali ilə ətraf ərazilərdən vaxtilə köçüb gəlmiş və Mingəçevirin salınmasında bilavasitə iştirak etmiş insanların iş birliyi zaman keçdikcə həm də “dil birliyinə” çevrilmiş, daha döğrusu, vahid şəhər şivəsini formalaşdırmışdır.

 

Xalqımızın və dilimizin tarıxi ilə bağlı bir çox əlamətlər Mingəçevir şəhərin şivəsində qorunub saxlanılır. Bu şivədə işlənən qədim türk mənşəli sözlərin doğmaliğı insanı heyrətdə qoyur: “çalkeçir” (məhəccər), “de:cilik” (xəbərçilik), “dö:ürə” (məcməyti), “qıymaz” (xəsis), “micir” (zəif) və s.

 

Mingəçevir şəhər şivəsi kənd təsərrüfatına, maldarlığa, balıqçılığa və əmiçiliyə, meşəçilik,bağçılıq təsərrüfatına, ev və çöl heyvanlarına, ev əşyalarına, adət- ənənələrə dair zəngin terminoloji leksikası öz originallığı ilə fərqlənir.

 

Lüğətə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova və MDU-nun dosenti, filologiya elmləri doktoru Flora Namazova rəy veriblər. Lüğətdən MDU-nun “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında təhsil alan tələbələr başda olmaqla, magistrantlar, müəllimlər, tədqiqatçılar və eləcə də geniş oxucu kütləsi faydalan bilər. Lüğət dərs və tədqiqat vəsaiti kimi istifadə edilə bilər.

 

Qeyd edək ki, “Nur şəhərinin dil yaddaşı” (Mingəçevir şəhər şivəsinin qısa lüğəti, təkmilləşdirilmiş ikinci nəşr) AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.
148

PAYLAŞ