WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
23 okt

Davamiyyətin vacibliyi : "Tələbələrə sərbəstlik verildikdə nəticə ürəkaçan olmur"

Azərbaycan təhsil müəssisələrində dərsə davamiyyət məcburidir. Davamiyyətdən asılı olaraq da tələbələrə bal verilir. Əgər imtahanın nəticəsi əsas götürülürsə, nə üçün tələbə məcburən dərsə gətirilməlidir? Mühazirə vəsaitləri tələbələrə verilir. Onlar dərsə gəlməsə belə hazırlaşa bilər (praktiki fənlər istisnadır). Bəs niyə dərslərdə iştirak etmək vacibdir?

 

 

Məsələ ilə bağlı Azedu.az-a açıqlama verən professor Elçin Süleymanlı bildirir ki, tələbələrimiz bu mövzularda sərbəst buraxıldığı zaman davamiyyət o qədər də ürəkaçan olmur:

 

“Bəzən tələbələr Qərbi Avropa univeristetlərinin nümunə göstərərək deyirlər ki, davamsızlıq sərbəst olsun və s. Ancaq mən Avropada və Amerikada tədqiqat aparmış biri kimi belə düşünmürəm. Dərsin davamiyyətini ağırlığından asılı olaraq müəllim müəyyənləşdirir. Hər bir müəllim sillabusunda davamiyyətin vacib olub olmadığını qeyd edir. Xarici ölkələrdəki müşahidələrimə əsasən onu da qeyd edim ki, gənclərimiz ölkəmizi xaricdə çox yaxşı təmsil edir, nailiyyətlər qazanırlar. Amma bəzən müşahidə edirik ki, tələbələrimiz bu mövzularda sərbəst buraxıldığı zaman davamiyyət o qədər də ürəkaçan olmur. Gənclərimiz bunu, məzun olub hansısa iş yerində əskikliklər olduğunu görən zaman dərk edir”.

 

Professor tələbələrin dərsə davamiyyətinin müəllimin dərs metodlarından asılı olduğunu da qeyd edir:

 

“Bəzən olur ki, müəllim dərsdə köhnə mühazirə materiallarından, metodlardan istifadə edir. Bu da dərsi sıxıcı göstərir. Dərsin daha keyfiyyətli, interaktiv, aktiv keçməsi məsələyə təsir göstərən amillərdəndir”.

 

Hansısa bir tələbənin səhhəti ilə bağlı problemi olduğu zaman davamiyyətlə bağlı problemlər anlaşılan olur. Ancaq təhsil almaq üçün universitetə kifayət qədər vəsait ödəyən birisi hər bir dərsi ciddi çalışaraq keçməyə çalışır. Mən Amerikada olarkən gecə gec saatlarda universitet kitabxanalarını ziyarət etmişəm. Xüsusən imtahan ərəfələrində oturmağa boş yer olmur. Səbəb odur ki, dərslərdən keçmədikləri zaman 5-6 min dollarlıq dərs yükünü ödəməli olurlar. Bu dərsləri keçə bilmək üçün iştirak etmək lazımdırsa, davamiyyətdə problem olmur. Əgər sərbəst şəkildə çalışaraq da keçilə bilən bir dərsdirsə, bu zaman kitabxanalarda və ya digər yerlərdə özləri hazırlaşırlar. Bu seçim tələbədən asılı olan bir vəziyyətdir. Ancaq bizdə vəziyyət bir qədər fərqlidir. Bu orta məktəbdən qalan bir vərdişdir ki, uşaqlara sərbəstlik verildikdə nəticə o qədər də müsbət olmur.

 

Müsahibimiz, tələbələr universitetdə daha çox vaxt keçirməli, qalan vaxtlarında elmi-kütləvi tədbirlərdə iştirak etməli olduğunu düşünür:

 

“Onlar kitabxanaları daha çox ziyarət etməli, təhsillərinə ayırdıqları vaxtı daha səmərəli istifadə etməlidirlər. Tələbələrin indi öyrənə bildikləri çox şeyi iş mühitində öyrənmirlər. Davamiyyət məcburiyyəti dərsin mahiyyətindən asılı olaraq dəyişə bilər. İxtisasla bağlı fənlər üçün davamiyyət məcburiyyəti olmalıdır. Ümumiyyətlə, davamiyyətlə bağlı qaydaların qalmasının tərəfdarıyam”.
214

PAYLAŞ