21 okt
Yüksək Texnologiyalar Parkının nümayəndəsi beynəlxalq tədbirdə...
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının İnkubasiya və texnologiyaların transferi mərkəzinin müdiri Bünyamin Seyidov Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiya Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 16-dan 20-dək Daşkənd şəhərində keçirilən Beynəlxalq İnnovativ İdeyalar Həftəsi -“InnoWeek Uz-2023”də iştirak edib.
AzEdu.az xəbər verir ki, B.Seyidov sərgidə bir çox innovativ layihələrlə tanış olub, onların Azərbaycanda tətbiqi imkanları ilə bağlı müzakirələr aparıb.
B.Seyidov Özbəkistan Respublikasının İnnovativ İnkişaf Agentliyinin direktoru Olimjan Tuçiyevlə görüşüb. Görüş zamanı Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq və icra edilən layihələrlə bağlı məlumat verilib, Özbəkistanın innovasiya ekosistemi ilə bağlı bəzi təkliflər səsləndirilib. Özbəkistanın İnnovativ İnkişaf Agentliyi ilə Koreya Respublikasının Elm və Texnologiya Siyasət İnstitutu (STEPI) arasında əməkdaşlığın koordinasiya edilməsi, Azərbaycan, Türkiyə və Özbəkistan startapları üçün birgə müsabiqə və “Demo Day”in keçirilməsi, Türkdilli Ölkələrin Texnoparklar Assosiasiyasının yaradılması kimi mühüm məsələlər ətrafında müzakirələr aparılıb, qarşılıqlı razılaşmalar olduğu təqdirdə bu işlərin başlanılmasına dair ilkin təşəbbüslərin irəli sürülməsi məqsədəuyğun hesab edilib.
O, həmçinin Daşkənd şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.
Mərkəzin direktoru Samir Abbasovla görüşdə Mədəniyyət Mərkəzinin Özbəkistanda gördüyü işlər, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən silsilə tədbirlər barədə söhbət aparılıb. Həmçinin hər iki ölkə arasında innovativ fəaliyyətlərin gücləndirilməsi, bu sahədə təcrübə mübadiləsi və digər məsələlər müzakirə edilib.
232