20 okt
Məktəblilər zərərli vərdişlərə qarşı maarifləndirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirici tədbirlər keçirilir.
BŞTİ-dən AzEdu.az-a bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Tədbirlərdə BŞTİ-nin nümayəndələri, rayon polis idarələrinin əməkdaşları, müəllimlər şagirdlər və valideynlər iştirak edirlər.
Maarifləndirici tədbirlərdə məktəblilərə narkotik vasitələrin ziyanlarından, istənilən tütün məmulatlarının orqanizmdə yaratdığı fəsadlardan bəhs olunur. Onlara zərərli vərdişlərdən uzaq olmaq və onlara qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir.
Həmçinin müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır.
Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilir, sənədli filmlər və videoçarxlar nümayiş olunur.
117