19 okt
“Diplomlu işsizlər artır” – Problemin ÇIXIŞ YOLU
Ali təhsil müəssisələrindən məzun olan tələbələrin bir qisminin işsiz olmağı hələ də aktual problemlərdən biridir. Diplomlu işsizlərin sayının günü-gündən artmağı əmək bazarında gənc kadrların azalmasına gətirib çıxarır.
Bəs məzunların əmək bazarında öz sahələrinə uyğun yer tapmağı üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.
Ekspert bildirib ki, kadr təminatı sistemində ali təhsil müəssisələrində bakalavr hazırlığı mühüm yer tutmalıdır: “Ali məktəblərin məzunlarının əmək bazarında işlə təminatı və müvafiq işə qəbul imtahanlarında uğur faizini araşdıranda, ortaya çox zəif nəticələr çıxır”.
K.Əsədov vurğulayıb ki, universitetlər öz məsuliyyətlərinə xüsusi diqqət yetirməlidir: “Təhsil sahəsində aparılan islahatlar onun hüquqi təminatlar sisteminin müntəzəm olaraq təkmilləşdirilməsini zəruri edir. Bu qanunvericilik aktlarında universitetlərin məsuliyyətinə xüsusi diqqət yetirmək, akreditasiya zamanı bu amilə önəm vermək lazımdır”.
Müsahibimiz ali məktəb məzunlarının rahat şəkildə işlə təmin oluna bilməsi üçün maraqlı təklif irəli sürüb:
“Hər tədris ili üzrə tələbə qəbulu başa çatdıqdan sonra DİM-in, Elm və Təhsil Nazirliyinin müsabiqələri nəticəsində işə qəbul olmuş məzunlar haqqında məlumat Dövlət İmtahan Mərkəzi tərəfindən onların məzun olduqları ali təhsil müəssisələrinə təqdim edilməli, əmək bazarında tələb və təklif arasında balans yaradılmalı və tələbat olan ixtisaslara daha çox üstünlük verilməlidir.Həmçinin əmək bazarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə plan yerləri artırılmalı, universitetlərdə ödənişli əsaslarla tələbə qəbulu 50 %-dən az olmalıdır”.
O, bildirib ki, ali təhsilin keyfiyyəti artırılmasa, diplomlu işsizlərin sayı artacaq: “Yaxın 10 ilin əmək bazarı tədqiatı aparılmasa, ali təhsilin keyfiyyəti artırılmasa və əmək bazarına uyğunlaşdırılmasa, həmən o 10 il ərzində məzun olanların əksəriyyəti əli diplomlu işsiz və ya fərqli sahədə əmək münasibətlərinin iştirakçısı olacaqdır”.
Sifayə Abbas
150