19 okt
“Müəllimlər məmurların tamahkarlığı və səriştəsizliyinin qurbanı olur!”-DOSENT
Sertifikasiyadan ikinci dəfə kəsilən və əmək müqaviləsinə xitam verilən bir qrup müəllimin bununla bağlı şikayət etməsi cəmiyyətdə fərqli şəkildə reaksiyalara səbəb olub. Onların şikayətlərinin gündəmə gəlməsi digər problemləri də gün üzünə çıxarır.
Sözügedən məsələyə münasibət bildirən şəxslərdən biri də dosent İlham Əhmədovdur. O hesab edir ki, pis məktəb, pis müəllim, pis şagird yoxdur. Pis təhsil sistemi var:
“Minlərlə savadsızları ali məktəbə qəbul edən, yüksək təhsil haqqı alaraq keyfiyyətsiz təhsil verən, savadsız olduğu halda işə qəbul edən, illərlə müəllim kimi işlədən, heç bir normal təkmilləşmə kursuna cəlb etməyən təhsil sisteminin heç bir xətası yoxdur. Bu boyda qəbahətlərin qarşılığında heç bir məmurun burnu da qanamır. Amma məmurların tamahkarlığı və səriştəsizliyinin qurbanı olan minlərlə müəllim isə sərt çəkildə cəzalanır. Biz hələdə dərk etmirik ki, pis məktəb, pis müəllim, pis şagird yoxdur. Pis təhsil sistemi var. Çünki savadsız müəllim, tələbə və şagirdlər bu təhsil sistemin yetirməsidir. Bu sistemin savadsız kadrlar yetişdirmə konveyeri isə fasiləsiz "kadr" istehsal edir, daha da savadsızları. ATM əvvəl 300-400 balla universitetə tələbə qəbul edirdisə, indi 200 balla qəbul edir. Fiziklər bu tip mexanizmlərə "perpedium mobile" deyirlər, keyfiyyətsiz təhsil mexanizminin əbədi fəaliyyəti”.
İ.Əhmədovun fikrincə, vaxtında ölkəmizdə normal təhsil siyasəti qurulsaydı, vətənpərvər və səriştəli insanlar bu proseslərə cəlb edilsəydi, təhsilimiz belə çökməzdi:
“Təhsil problemləri indi gün üzünə çıxmayıb. Bu problemlərə 20 projektor işiğı salanlar da olub. Amma məmurlar onda da, indi də heç kəsi eşitmək istəməyiblər, sanki, onları təhsil problemləri maraqlandırmır. Əgər vaxtında ölkəmizdə normal təhsil siyasəti qurulsaydı, vətənpərvər və səriştəli insanlar bu proseslərə cəlb edilsəydi, təhsilimiz belə çökməzdi. 25 ildə təhsilimiz ilbəil çöküb, məmurlar isə daim nailiyyətlərdən danışıblar, fərqli fikir deyənləri də eşitməyiblər. Bizdəki problemlər niyə Qazaxstanda, Türkiyədə v.s. ölkələrdə yoxdur? Yəni, bizim xalqımız, gənclərimiz belə qabiliyyətsizdir?”.
142