19 okt
Altı rayon üzrə məktəb direktorları üçün seminar keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri üçün seminarlar davam edir.
BŞTİ-dən AzEdu.az -a bildirilib ki, növbəti seminarlar Xəzər, Pirallahı, Sabunçu, Binəqədi, Nərimanov və Nəsimi rayonlarının ümumi təhsil məktəblərini əhatə edib.
Seminarlarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.
M.Vəliyeva Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda üçrəngli bayrağımızın ucaldılması ilə ölkəmizin suverenliyinin bərpasının tam təmin olunmasının qürurverici hiss olduğunu və bu tarixi hadisələrin mahiyyətinin şagirdlərə aşılanmasının vacibliyini bildirib.
Qalib ölkəmizdə təhsil sisteminin qarşısında açılan yeni mərhələdə daha vətənpərvər və bilikli gənclər yetişdirmək üçün səylərin birləşdirilməsinin əhəmiyyətinə toxunan M.Vəliyeva ümumi təhsil müəssisələrində 45 dəqiqə ərzində öyrətmə və öyrənmə mühitinin təmin edilməsinin zəruriliyini qeyd edib.
M.Vəliyeva seminarların keçirilməsinin əsas məqsədinin idarəetmədə səmərəliliyin artırılmasına və tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etməkdən ibarət olduğunu bildirib.
Seminarlarda çıxış edən BŞTİ-nin müdir müavini Anar Məmmədov məktəb direktorunun fəaliyyət rolları, kadr münasibətlərinin tənzimlənməsi, məktəb idarəetməsinin təkmilləşdirilməsi mövzularında fikirlərini bildirib.
Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə monitorinqlər, məktəb hesabatları, keyfiyyətin idarə olunması mexanizmləri, buraxılış imtahanlarının təhlilləri və reytinqlər, sorğuların təşkili, Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev isə tədris prosesinin idarəolunması, pedaqoji sənədlərin işlənilməsi, olimpiada və müsabiqələr, layihələr, davamiyyət, şagird davranış qaydaları kimi məsələlərlə bağlı tövsiyələrini səsləndiriblər.
Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov şagird-məzun sistemi, elektron yerdəyişmə və məktəbə qəbul, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov informasiya mübadiləsinin səmərəliliyinin artırılması, sosial şəbəkələrlə iş, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği, Maliyyə-mühasibatlıq sektorunun müdiri Elmira Mehdiyeva maliyyə tənzimlənməsi, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov isə payız-qış mövsümünə hazırlıq, dərslik təminatı, iaşə xidmətinin təşkili və digər məsələlərə toxunublar.
Seminarlarda qeyd olunan məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
104