18 okt
“Repetitorların maaşı müəllimlərin qazancından daha çoxdur”
Təhsillə bağlı cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biri repetitorların fəaliyyəti ilə bağlıdır.
Bir çoxları bu sahənin mövcudluğuna etiraz etsələr də, bir digər qisim repetitorluq fəaliyyətinin abituriyentlərin yüksək nəticə toplamasında böyük rol oynadığını vurğulayır.
Bəs görəsən, repetitor kimi fəaliyyət göstərən müəllimlərin fərdi keçdikləri dərslə, sinifdə keçdikləri dərsin keyfiyyəti niyə eyni olmur?
Sözügədən məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Adil Vəliyev qeyd edib ki, şagirdlər məktəbdə yetərincə bilik qazana bilmədiyi üçün repetitorlara müraciət etməli olur:
“Cəmiyyətin repetitorlarla bağlı düşüncəsi 2 yerə ayrılır: Birincisi onların fəaliyyətini bəyənməyənlər , ikincisi isə onları dəstəkləyənlər. Hesab edirəm ki, qeyd etdiyim ikinci qisimə aid olanlar doğru düşünür. Çünki hazırda şagirdlər məktəbdə lazımi informasiyanı əldə edə bilmirlər. Ona görə də abituriyentlər repetitorların yanına getməyə ehtiyac duyurlar. Bunun nəticəsində şagirdlər daha çox məlumat əldə edib, bilik və savadlarını artırmış olurlar”.
Ekspert dərs keyfiyyətinə mane olan səbəbləri qeyd edib:
“Repetitorlar həm məktəbdə dərs keçib, həm də fərdi şəkildə şagird hazırlaşdırırlar. Onların məktəbdə keçdikləri dərsin keyfiyyətli olmamasının bir neçə səbəbləri var. Belə ki, bu, sinifdə şagird çoxluğu və dərslərə ayrılan vaxt azlığı ilə birbaşa əlaqəlidir”.
Son olaraq, həmsöbətimiz repetitorların məktəbdəki fəaliyyətinin əməkhaqqı ilə bağlı olmadığını vurğulayıb:
“Düşünürəm ki, repetitorların məktəbdəki fəaliyyəti əməkhaqqının az, yaxud çox olması ilə bağlı deyil. Çünki onlar fərdi şəkildə repetitorluqla məşğul olmaqla, daha yüksək maaş alırlar. Az öncə də qeyd etdiyim kimi, müəllimlərin istədikləri dərs keyfiyyətini ala bilməməsinin əsas səbəbi sinifdə şagird çoxluğudur. Bununla yanaşı, dərsə ayrılan vaxt azlığı məsələsidir”.
Esmira Əliyeva
98