17 okt
NASA “Psyche” asteroidinə zond göndərib
NASA metal maddələrlə zəngin olan “Psyche” asteroidinə zond göndərib.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Məlumatda bildirilir ki, NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən “SpaceX” şirkətinin “Falcon Heavy” raketi ilə kosmosa göndərilən missiyanın məqsədi Mars və Yupiter planetləri arasındakı əsas asteroid qurşağında yerləşən metal əsaslı asteroid olan “Psyche”nin tədqiqi ilə planetlərin əmələgəlmə proseslərinin öyrənilməsidir.
Kosmik zond 2029-cu ilin avqustunda təyinat nöqtəsinə çatacaq və sonra təxminən iki il müddətində təyin olunmuş orbitdə hərəkət edərək “Psyche”nin müşahidəsini aparacaq. Asteroidin orbitində işlədiyi müddətdə zond həm şəkillər çəkəcək, həm də maqnitosferi ölçəcək və digər məlumatlar toplayacaq.
Qeyd edək ki, “Psyche” kimi obyektlər əvvəllər heç vaxt yaxından müşahidə edilməyib. Lakin məlumdur ki, Mars, Venera və Yerdəki qayalar dəmir oksidləri ilə zəngin olsa da, “Psyche”nin səthində bu kimyəvi maddə çox deyil. Bu da “Psyche”nin yaranmasının standart planet əmələgəlməsi proseslərindən fərqli olduğunu göstərir. Bu baxımdan, Yerəbənzər planetlərin əmələgəlməsi ilə bağlı elmi yeniliklərə işıq tutacaq “Psyche” missiyasının əhəmiyyəti yüksək qiymətləndirilir.
237