10 okt
İdmanla məşğul olmaq uşaqlara özgüvən qazandırır
Hazırda əksər uşaqlarda özgüvənsizlik və bundan qaynaqlanan özünəqapanıqlılıq müşahidə olunur. Bu kimi problemlərin bir sıra həlli yolları var. Bunlardan biri də uşaqları idman istiqamətində yönləndirməkdir.
Maraqlıdır, idmanla məşğul olmaq uşaqların motivasiyasına, özgüvəninə necə təsir göstərir?
Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin AzEdu.az-a açıqlamasında bildirir ki, idman özgüvən formalaşdırmaq, kommunikasiya bacarıqlarının artırılması və sosiallaşmaq üçün əvəzsiz üsullardan biridir:
“Öncəliklə hansısa idmanla məşğul olmaq onların fiziki sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Bədən sağlamlığına müsbət təsir göstərdiyi qədər özgüvən formalaşdırmaqda da faydalı üsullardan biridir. Sosial mühitdə olmaları, yaşıdları ilə kommunikasiya qurması uşaqların özgüvən qazanmasında irəliləyişlərə səbəb olur. Ətrafdakılarla daha çox ünsiyyət qurması onların danışıq qabiliyyətinin formalaşmasında, sosiallaşmasında mühüm rol oynayır. Ən vacibi isə uşaqların kimlik qazanma dövrünü sürətləndirir”.
Psixoloqun fikrincə uşaqları hansısa məşğuliyyətə yönəltməmək onların yanlış vərdişlərə yiyələnməsinə səbəb olur:
“Ona görə də uşaqlarımızın sosial mühitə daha tez adaptasiya olmasını istəyiriksə, mütləq surətdə müxtəlif idman növlərinə istiqamətləndirməliyik. Uşaqları hansısa bir məşğuliyyətə yönəltmədikdə onların televizor və ya telefona alışqanlığı yaranır. Bu kimi alışqanlıqlardan çəkindirmək isə çox zaman uşaqlarda aqressiyaya səbəb olur. Bütün bunların qarşısını almaq üçün onların da maraqlı olduğu sahələrə yönəltmək faydalı olacaqdır”.
102