10 okt
Dövlət qulluğu vəzifələri üzrə sertifikatın alınması üçün qeydiyyat başlanıb
İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə oktyabrın 8-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün oktyabrın 10-dan 23-dək DİM-in saytında müvafiq linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda);
Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini beş iş günü müddətində DİM-ə (Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299) təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
107