09 okt
Rus dilində təhsil alanlar ana dillərini bilmirlər !
Rus sektorunda tədrisi aparılan bəzi dərsliklər Azərbaycan dilindədir, məsələn tarix dərsliyi. Ancaq bu, tamamilə rusdilli olan şagirdlər üçün çətinlik yaradır. Onların Azərbaycan dili biliyi qənaətbəxş olmadığı üçün tariximizi öyrənməkdə müəyyən problemlər yaranır.
Tarix dərsliyinin Azərbaycan dilində olmasının əhəmiyyəti nədən ibarətdir? Maraqlıdır tədrisin öz dilimizdə olması daha vacibdir yoxsa, rus dilində olub şagirdlərin daha yaxşı öyrənməsi?
AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Kamran Əsədov bildirib ki, rus dilində təhsil alan şagirdlərimiz Azərbaycan dilində yüksək bilik və bacarıqlara malik deyil:
“Hazırda ölkənin 4432 ümumtəhsil məktəbindən 340-ı rus dilində tədris həyata keçirir. Bu məktəblərdə 90 minə yaxın şagird təhsil alır. Həmçinin, 1.6 milyon şagirdin 800 mini ikinci xarici dil olaraq rus dilini seçir. Biz qəbul imtahanından əvvəl şagirdlərin Azərbaycan dili üzrə verdikləri imtahanın nəticələrini təhlil etdikdə gördük ki, ümumən imtahandan yaxşı nəticələr toplasalar belə, Azərbaycan dilindən zəif nəticə göstəriblər. Bu onu deməyə əsas verir ki, bizim rusdilli məktəblərdə Azərbaycan dili fənninin tədrisinin keyfiyyəti aşağıdır. Yəni rus dilində təhsil alan şagirdlərimiz Azərbaycan dilində yüksək bilik və bacarıqlara malik deyil”.
Mütəxəssis xüsusilə qeyd edir ki, rus bölməsində təhsil alan şagirdlərə Azərbaycan tarixi fənnini yalnız V sinifdə ana dilində keçirlər:
"Bura Azərbaycan Respublikasının ərazisidir və burada dövlətimizin pulsuz təhsil hüququndan istifadə edən hər kəs dilimizi mükəmməl səviyyədə bilməlidir. Bir məqamı xüsusi qeyd edim ki, rus bölməsində təhsil alan şagirdlərə Azərbaycan tarixi fənnini yalnız V sinifdə ana dilində keçirlər. Burada fundamental biliklər yoxdur. Yəni bu dərslikdə tarix haqqında nağıl formatında məlumatlar verilir. Tarixin əsas baza hissəsi yuxarı siniflərdə başlayır. VI-XI siniflərdən şagirdlərə bölməyə uyğun rus dilində tədris həyata keçirilir”.
“Qəbul və buraxılış imtahanlarına əsasən görürük ki, abituriyentlərin nəticələri qənaətbəxş deyil”- deyən Kamran Əsədov rusdilli şagirdlərin dil biliyinin zəif olmasına diqqət çəkir:
“Azərbaycan Respublikası ərazisində hər bir şəxsin təhsil almaq hüququ var. Ama bununla bərabər hər kəs Azərbaycan dilini bilməlidir. Qəbul və buraxılış imtahanlarına əsasən görürük ki, abituriyentlərin nəticələri qənaətbəxş deyil. Həmçinin rus sektorunda təhsil alan şagirdlərin nisbətən daha intellektual olduğunu müşahidə edirik. Amma onların Azərbaycan dilində fikir mübadiləsi aparmaqda çətinlik çəkdiyini də görürük. Rusdilli olmalarına baxmayaraq, bir sıra ölkələrdə Ukraynada, Estoniyada, Latviyada, hətta Ermənistanda rus bölmələri ləğv olunub. Azərbaycan ərazisində yaşayan hər bir azsaylı xalqların nümayəndələrinə öz dillərində təhsil almaq imkanı yaradılıb. Valideynlərin istək və arzuları nəzərə alınaraq pulsuz Azərbaycan dilindən fərqli dillərdə tədris təşkil edilir. Bu o demək deyil ki, təhsilalan dilimizi bilməməlidir. Hər bir kəsin birinci borcu bu dili mükəmməl bilməkdir”.
Müsahibimizin fikrincə, Azərbaycan tarixinin V sinifdə ana dilində tədris olunması problem deyil. Çünki şagirdlərin Azərbaycan dilində ünsiyyət, fikrini ifadə etmək bacarıqlarını bu vasitə ilə mümkün qədər artırmaq olacaq.
“Hazırda rus bölmələrində Azərbaycan dili fənninin dərs saatı 2 saat artırılıb. Hesab edirəm ki, Azərbaycan dili fənninin də dərs saatları artırılmalıdır ki, rus bölməsinin şagirdləri ən azı fikirlərini ifadə edəcək qədər qrammatik qaydaları bilsinlər”.
126