06 okt
DİM - də işçi qruplarının ilk iclasları keçirilib
Gündəlik məsələ imtahan proqramları və imtahan modellərinə uyğun sınaq imtahanı üçün materialların müzakirəsi olub
AzEdu.az xəbər verir ki, iclaslarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qruplarının üzvlərini iş planı ilə tanış edərək, buraxılış və qəbul imtahanları proqramlarının sentyabr ayında DİM-in saytında yerləşdirildiyini bildirib. Beləliklə, abituriyentlər dərs ilinin əvvəlindən proqramların məzmunu, ədəbiyyat siyahısı və dərsliklərlə bağlı materiallarla tanış ola bilərlər.
Daha sonra iclaslarda sınaq imtahanı üçün hazırlanmış tapşırıqların müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
Müzakirələr nəticəsində coğrafiya fənnindən qəbul imtahanı modelinə uyğun qapalı, cavabı kodlaşdırıla bilən və cavabı yazı ilə ifadə olunan bir neçə tapşırıq qəbul edilib. Riyaziyyat fənnindən isə ümumi orta (9 illik) təhsil bazasından sınaq imtahanı üçün variant formalaşdırılıb.
İşçi qruplarının növbəti iclası 13 oktyabr 2023-cü il tarixində olacaq.
96