WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
04 okt

Vətən müharibəsi tarixinə dair yeni nəşrlər işıq üzü görüb

Siyasi Təhlil və Araşdırmaları İctimai Birliyinin (STA) təklifi ilə “STA kitabxanası” seriyasından tarix elmlər doktoru Mais Əmrahovun “Ataların qəhrəmanlıq yolu nəsillərə örnəkdir”, tarix elmlər doktoru Tofiq Mustafazadənin “10 noyabr Bəyanatı: Cənubi Qafqazda yeni geosiyasi fiqurasiyaya doğru”, tarix elmlər doktoru Mehman Süleymanovun “Şuşa sən azadsan!” və “Vətən müharibəsi: tarixi zəfər” kitabları nəşr olunub.

 

Bu barədə AzEdu.az-a AMEA-nın Tarix İnstitutundan məlumat verilib. Bildirilib ki, kitablar tarix elmləri doktoru, institutun baş direktoru, professor Kərim Şükürovun ümumi elmi redaktəsi ilə nəşr edilib.

 

Azərbaycanın müstəqillik tarixində şərəfli bir səhifə açan 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərə həsr edilmiş kitablarda bu böyük Zəfərin qazanılması üçün Azərbaycan dövlətinin, xalqının və ordusunun qarşılaşdığı sınaqlar, Azərbaycan ərazilərinin işğalının əbədiləşdirilməsi üçün Ermənistanın və onun havadarlarının apardığı siyasət, Azərbaycana qarşı davam edən hərbi-siyasi təxribatlar geniş işıqlandırılır. Başlıca diqqət 30 ilə yaxın işğal altında olmuş, bütün infrastrukturu dağıdılmış, ekologiyası məhv edilmiş ərazilərinin azad edilməsi üçün Azərbaycan xalqının, ordusunun Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinə və 44 gün ərzində aparılan mübarizə nəticəsində işğala son qoymasına yetirilir. Böyük Zəfərin əldə edilməsində Prezident İlham Əliyevin Ali Baş Komandan kimi tarixi fəaliyyətindən, Vətən müharibəsinin gedişində dünya hərb təcrübəsinə gətirilən və hazırda dünyanın qabaqcıl beyin mərkəzləri tərəfindən də öyrənilən yeniliklərdən geniş şəkildə söz açılır.

 

Azərbaycan Ordusunun keçdiyi döyüş yolu xronoloji ardıcıllıqla öz əksini tapır. Şuşanın qəhrəmanlıq tarixi, şəhərin əsasının qoyulduğu vaxtdan bu şəhər üzərinə edilmiş bütün hücumlar və onların nəticələri, həmin hücumlar qarşısında qalanın uğurla müdafiə olunması haqda müxtəsər məlumat təqdim edilir.

 

Kitablarda təcavüzkar Ermənistanın təslim aktı olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan, onun qlobal və regional geosiyasi arxitekturaya göstərdiyi təsirdən bəhs edilir, erməni işğalçılarını məğlubiyyətə gətirən səbəblər araşdırılır.

 

AMEA-nın Tarix İnstitutunda müəlliflərlə keçirilən görüşdə çıxış edən institutun baş direktoru Kərim Şükürov layihənin əhəmiyyətindən bəhs edib, bu nəşrlərin Vətən savaşında qazanılan Şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulayıb.

Kitablar mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “STA kitabxanası” seriyasında nəşr olunan kitablar KİV-lər, QHT-lər, ali təhsil müəssisələri və kitabxanalara pulsuz paylanılacaq.
95

PAYLAŞ