Müəllimlərin davranış kodeksi: bahalı hədiyyələrə “Yox” deyilməlidir
Sabah müəllimlər günüdür. Əksəriyyət bu günü ancaq müəllimlərə bahalı hədiyyələr verməkdə görür. Gerçəkdənmi bunun alternativi yoxdur.
Müəllimlər günü hansı şəkildə təbrik olunsa həm etik, həm də qanuni cəhətdən daha məqsədəuyğun olar?
Təhsil eksperti Elşən Qafarov bildirir ki, Azərbaycan müəllimlərinə ən böyük hədiyyə valideynlərin, şagirdlərin, ümumilikdə cəmiyyətin onlara olan diqqəti və hörmətidir. “Məktəb rəhbərləri bu dönəmdə siniflərdə siyahı ilə pul yığımlarının olmaması üçün xüsusilə diqqətli olmalıdır. İmkanı olan və ya olmayan şagirdlərə qarşı tələblər qoymaq olmaz. Rəhbər şəxslər valideyn komitələrinin bayram ərəfəsində belə hallara yol verməsinin qarşısını almalıdır. Valideynlər də məktəbin və müəllimin imicinə xələl gətirəcək bir addım atmamalıdır”.
E.Qafarov müəllimlərin etik davranış qaydalarını əsas gətirərək deyir ki, müəllim təhsilalandan maddi və ya qeyri-maddi nəsə ummamalıdır: “Müəllimlər günündə ən yaxşı təbrik sözlə də oluna bilər. Bundan başqa, sinif adından çiçək və ya uşaqların özlərinin hazırladığı açıqca da dəyərli bir hədiyyəni əvəz edər. Müəllimlərin etik davranış qaydalarında dəyişikliyə ehtiyac var. Qeyd olunan maddələr bir daha konkretləşdirilməlidir. Əgər müəllim şagirddən bayram adı ilə nə isə tələb edərsə, hansı tədbirlərin görüləcəyini vurğulamaq məqsədəuyğun olardı”.
“Bizim məktəblərin nizamnaməsi yoxdur”- deyə narazılığını bildirən E.Qafarov baş verən bütün neqativ halların əsas qaynağının da bu olduğunu vurğulayır: “İntizam nizamnaməsi qəbul olunmalıdır. Müəllimin hansı hallarda mükafatlandırılacağı və cəzalandırılacağı göstərilməlidir. Təhsilalanlardan müəyyən maddi hədiyyələrin tələb olunması da cəzalandırılma tədbirləri ilə nəticələnsin”.
Müsahibimizin fikrincə müəllimin pul toplaması kimi xoşagəlməz situasiyalar Azərbaycan təhsilinin imicinə xələl gətirir: “Azərbaycan müəlliminin adının belə məsələlərdə hallanmasına mənfi münasibət bəsləyirəm. Məktəb rəhbərliyi, müəllimlər, valideynlər, digər işçilər ümumilikdə məktəb kollektivi başa düşməlidir ki, müəllimin pul toplaması kimi xoşagəlməz situasiyalar yaranırsa, birmənalı şəkildə Azərbaycan təhsilinin imicinə xələl gəlir. Onlar belə halların yaşanmaması üçün maksimum çalışmalıdırlar. Bu məsələdə ən çox canfəşanlıq edən valideynlərdir. Pul toplanması, bayram adı ilə bahalı hədiyyələr alınması çox zaman onların təşkilatçılığı ilə baş tutur. Əgər valideynlər bu kimi davranışlara yol verməsələr, heç kim onları məcbur edə bilməz. Düşünürəm ki, burada xüsusilə valideynlərin rolu böyükdür. Əgər bir məktəbdə pul yığılması varsa, məktəb rəhbərliyi bundan hökmən xəbərdardır və göz yumur. Əgər hadisə ilə əlaqədar cəzalandırma tədbirləri görüləcəksə, bu məktəb rəhbərliyi və valideynlər üzərində tətbiq olunmalıdır. Çünki əsas şərait yaradan bu iki tərəfdir”.