WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
04 okt

Yaradıcı müəllim təqdimat müsabiqəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinə start verilib.

 

İdarədən AzEdu.az-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

 

Müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri iştirak edə bilər.

 

İki mərhələdən (məktəb, şəhər) ibarət müsabiqədə iştirak etmək istəyən müəllimlər oktyabrın 30-na kimi müraciət etdikləri mövzu ilə bağlı tezisi (2 səhifədən çox olmamaq şərtilə) [email protected] poçt ünvanına göndərməlidirlər. Tezisin əvvəlində müəllimin özü haqqında məlumatların (adı, soyadı, ata adı, təvəllüdü, işlədiyi məktəb, tədris etdiyi fənn və mövzusunun adı) qeyd olunması mütləqdir.

 

Müsabiqənin şəhər (final) mərhələsində müəllimlər müraciət etdikləri mövzunu Münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edəcəklər.

 

Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, yeniliyi, nəzəri və praktik uyğunluğu, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə, nəticə və təkliflər əsas meyarlar kimi götürüləcək. Hər bir meyar 5 balla qiymətləndiriləcək.

 

Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib seçiləcək.

 

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
143

PAYLAŞ