WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
04 okt

“İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda Milli təlim

Dövlət İmtahan Mərkəzi və İnkişaf Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Asiya-Sakit Okean Təlim Mərkəzinin (APCICT/ESCAP) birgə təşkilatçılığı “İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda Milli təlim keçirilir.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Təlimi giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirakçıları salamlayıb və belə bir mühüm tədbirə qoşulduqlarına görə təşəkkürünü bildirib. M.Abbaszadə Dövlət İmtahan Mərkəzinin “Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqları icra edəcək qurumlardan biri olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində potensialın gücləndirilməsi, institusional bazanın inkişaf etdirilməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsi və informasiya təhlükəsizliyi üzrə ölkədaxili və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətləri üzrə mühüm işləri həyata keçirəcəklərini, bu təlimin də görüləcək işlərə töhfə verəcəyinə inandığını vurğulayıb.
Sədr informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə kadr hazırlığının və ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsi, o cümlədən dövlət orqanlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatının planlaşdırılması ilə bağlı təkliflər hazırlamaq, cəmiyyətdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyəti üzrə zəruri biliklərin, bacarıqların artırılmasına və təbliğinə dəstək vermək, həmçinin dövlət qurumlarında, özəl təşkilatlarda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq – kibergigiyenanı təmin etmək məqsədilə tədbirlərin görülməsinin də qarşıda duran vəzifələrimiz sırasına daxil olduğunu qeyd edib.

 

İnkişaf Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Asiya-Sakit Okean Təlim Mərkəzinin (APCICT/ESCAP) direktoru Kiyounq Ko isə təlim təşəbbüsü üçün M.Abbaszadəyə təşəkkürünü bildirib. Cənab Kiyounq Ko öz çıxışında elektron hökumətin inkişafı indeksi, Azərbaycanın mövqeyi, bu sahədə dünyada mövcud olan qlobal trendlər və İKT sahəsində bir sıra yeni və təkmilləşmiş akademik modullar barədə iştirakçıları məlumatlandırıb.

 

Daha sonra təlimə start verilib. Təlimdə ekspert-təlimçi olaraq APCICT-in Elektron Məxfilik Məlumat Mərkəzinin Kibertəhlükəsizliyin idarəolunması üzrə direktoru Freddy Tan çıxış edəcək və informasiya və kommunikasiya texnologiyaları istiqamətində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanları, telekommunikasiya sektoru, tənzimləyici orqanlar və əlaqədar qurumların nümayəndələri üçün qeyd olunan mövzulara uyğun təlim keçəcək.

 

Xatırladaq ki, 40-dan çox dövlət orqanının nümayəndələrinin iştirakı ilə keçirilən təlim dövlət qurumları və bu sahədə maraqlı tərəflər arasında informasiya təhlükəsizliyi və məxfilik konsepsiyaları haqqında məlumatların öyrədilməsi məqsədi daşıyır. Təlimdə informasiya təhlükəsizliyi ilə bağlı təhdidlər və çağırışlar, informasiya təhlükəsizliyi siyasətinin əhəmiyyəti, yaradılması və həyata keçirilməsinə dair tələblər və digər ölkələrdə beynəlxalq informasiya təhlükəsizliyi təşkilatları tərəfindən müəyyən edilən məxfiliyin qorunması standartları haqqında mövzular iştirakçılara təqdim olunacaq .
123

PAYLAŞ