Abituriyentlərə VACİB XƏBƏR - Buraxılış və qəbul imtahanlarının formatı dəyişir?
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzində (DİM) 2024-cü il buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə fənlər üzrə işçi qruplarının işinə start verilib.
Belə ki, sözügedən işçi qrupları buraxılış və qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarını müzakirə edib, qeyd olunan məsələlərlə bağlı təkliflər verəcəklər.
Bəs növbəti tədris ili üçün nəzərdə tutulan ali təhsil müəssisələrinə qəbul imtahanlarında hər hansı dəyişiklik ola bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, buraxılış imtahanlarında hər hansı bir dəyişikliyin olması nəzərdə tutulmur:
“Həmin işçi qrupunun fəaliyyəti ictimai rəyi öyrənmək üçündür. Burada buraxılış və qəbul imtahanlarında sualların çətinliyi, qoyuluşu, eyni zamanda yanlış olan məqamlar ictimai rəy əsasında aradan qaldırılır. Yəni təhsil verənlər sözügedən məsələlərlə bağlı Dövlət İmtahan Mərkəzinə təkliflər verə bilərlər. Əlbəttə ki, bu mühüm tövhələr verəcək”.
Təhsil eksperti vurğulayıb ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvafiq dəyişikliklər olmalıdır:
“Buraxılış və ya blok imtahanlarında hər hansı bir format dəyişikliyi təəssüf ki, hələ nəzərdə tutulmur. Amma çox istərdik ki, ən azından müvafiq olaraq ümumi fənlərin sayı azaldılsın. Yəni abituriyentlər 6-7 fənn üzrə deyil, 3 fənn üzrə imtahan verərək, ali təhsil müəssisələrinə qəbul olunsunlar. Bu hazırda təcrübədə var. Hansı ki, namizədlər 9 və 11 illik bazadan Azərbaycan dili, Riyaziyyat və Xarici dildən imtahan verib, ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə sənəd verə bilirlərsə, eyni prinsipi I, II, III, IV ixtisas qruplarında da tətbiq etmək olar. Format dəyişikliyi deyərkən yalnız bunu arzulayırıq. Ümid edirəm ki, növbəti illərdə bu istiqamətdə qərar veriləcək. İşçi qrupun bu istiqamətdə fəaliyyətinə gəlincə, düşünmürəm ki, onlar hər hansı mühüm bir qərarda rol oynasınlar. Sadəcə təkliflər veriləcək və o təkliflər nəzərə alınaraq suallara baxılacaq”.