02 okt
AzMİU tələbələri təhsillərini Türkiyə universitetlərində davam etdirəcəklər
Orhun mübadilə proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq, dizayn, informasiya texnologiyaları və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisaslarının bakalavriat və magistratura səviyyələrində təhsil alan 8 tələbəsi 2023/2024-cü tədris ilinin payız semestrində Türkiyənin Ege və Bursa Uludağ Universitetlərində təhsil alacaqlar.
Azedu.az xəbər verir ki, bu barədə AzMİU-dan məlumat verilib.
Sözügedən proqram çərçivəsində, həmçinin AzMİU-nun 11 müəllimi Türkiyənin Ege Universitetində, Bursa Uludağ Universitetində, Kapadokya Universitetində, Alanya A.Keykubat Universitetində, Qırğızıstan-Türkiyə Manas Universitetində, Özbəkistanın Kokand Universitetində səfərdə olacaq. Müəllimlər bir və ya iki həftə müddətində dərs deyəcək və tədris prosesi ilə tanış olacaqlar.
Xatırladaq ki, Orhun mübadilə proqramı Türk Keneşi Türk Universitetlər Birliyinin təşəbbüsü ilə yaradılıb. Proqram üzv universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini, türk dünyası ölkələrinin ali təhsil müəssisələrinin inteqrasiyasını və əməkdaşlığını dəstəkləyir.
Qeyd edək ki, AzMİU 2021-ci ildən Orhun mübadilə proqramının üzvüdür.
75