28 sen
Bilal Ərdoğan Bakıda lisey və institutu ziyarət edib
Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib. Qonaq hər iki təhsil müəssisəsində şagird və tələbələr tərəfindən coşqu ilə qarşılanıb.
Türkiyənin Azərbaycandakı səfirliyindən AzEdu.az-a verilən məlumata görə, qonaq əvvəlcə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində olub. Liseyin konfrans zalında 27 Sentyabr- Anım Günü münasibətilə tədbir təşkil edilib və fəxri qonaqla görüş keçirilib.
Görüş tədbirində vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal marşı səsləndirilib.
Daha sonra 27 Sentyabr-Anım Günü ilə əlaqədar vətənimizin azadlığı uğrunda əziz canlarından keçən şəhidlərimizin ruhuna Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət şurasının üzvü Fatih Okumuş tərəfindən “Qurani-Kərim”dən ayələr tilavət edilib.
Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık tədbirin təşkili üçün məktəb kollektivinə təşəkkür edib və qonağa öz dəyərli vaxtını ayırıb şagirdlərlə görüşə gəldiyi üçün öz minnətdarlığını bildirib.
Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb. Qonaq ilk oxuduğu kitab, məktəb və ilk müəllimləri haqqında ünvanlanan sualları cavablandıraraq şagirdlər tərəfindan maraqla dinlənilib. O, eyni zamanda, övladının Quran hafizi olmasından və hafizliyin dəyərindən danışıb.
Təhsilin insan həyatındakı önəminə diqqət çəkən Bilal Ərdoğan modern dünyanın ən böyük silahının güclü təhsil olduğunu qeyd edib. Ən çox sevdiyi idman sahəsi hansıdır sualına isə qonaq, oxçuluq olduğunu qeyd edib və oxçuluğun tarixindən danışıb. O, eyni zamanda, milli kimliyin əhəmiyyətindən də bəhs edib.
Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr edilmiş şeirlər dinlənilib.
Tədbirin sonunda məktəb rəhbərliyinə qonaqlar tərəfindən hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkilib.
Sonra Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib. İnstitutun rektoru Aqil Şirinov tərəfindən qarşılanan qonağa universitetin fəaliyyəti, tələbələrə yaradılan imkanlar barədə geniş məlumat verilib. Daha sonra İnstitutun konfrans zalında tələbə və akademik müəllim heyəti ilə görüş keçirilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək dəyərli qonağı salamlayıb, 27 Sentyabr-Anım Gününün əhəmiyyətindən bəhs edib, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyib.
O, həmçinin qonaqlara İlahiyyat İnstitutunun uğurlu fəaliyyətindən bəhs edib və iki dövlət arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verəcəklərini qeyd edib.
Çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık tədbirin təşkili üçün İnstitut kollektivinə öz təşəkkürünü bildirib. O, içərisində olduğumuz günlərin əhəmiyyətindən bəhs edib. Şəhidlərin unudulmaması üçün dəyərli liderlərə ehtiyac olduğunu vurğulayıb və qonağa öz dəyərli vaxtını ayırıb tələbələrlə görüşə gəldiyi üçün öz təşəkkürünü bildirib.
Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb. Bilal Ərdoğan özünün uşaqlıq və dünyanın ən nüfuzlu universitetlərdəki tələbəlik illərindən danışaraq tələbələrlə öz təcrübəsini paylaşıb. O, eyni zamanda, tələbələrə öz sahələrində yaxşı mütəxəssis olmalarını və çox çalışmalarını tövsiyə edib. Elmin son dövrlər Avropadan Şərqə doğru inteqrasiya etdiyini vurğulayan natiq Aziz Sancarların, Səlcuk Bayraktarların bu həqiqətin ən bariz nümunəsi olduğunu qeyd edib.
Tədbirin sonunda İnstitut rəhbərliyi və qonaqlar bir-birlərinə qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim edib və şəkillər çəkdiriblər.
92