22 sen
DİM - də növbəti təlim keçiriləcək
18-21 sentyabr 2023-cü il tarixlərində “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzi və dövlət orqanlarının nümayəndələri üçün “Səriştə əsaslı insan resurslarının idarə edilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə təlimçilər üçün təlim”in 2-ci hissəsi təşkil edilib.
DİM -dən AzEdu.az-a bildirilib ki, 18-19 sentyabr tarixlərində keçirilən təlimdə DİM-in 9 nümayəndəsi iştirak edib. 20 və 21 sentyabr tarixlərində baş tutan təlimdə isə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Turizm Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri olmaqla ümumilikdə 15 nəfər iştirak edib.
Təlim zamanı layihənin ekspertləri Eduard Zakarçenko və Kristina Jakubaityte-Revutiene tərəfindən təqdimatlar nümayiş olunub, iştirakçılarla insan resursların idarəedilməsinin məqsədi, hədəflərin qoyulması və bacarıqların qiymətləndirilməsi, rəhbərlərin xidməti fəaliyyətinin qiymətləndirilməsi, səriştə əsaslı insan resurslarının idareedilməsinə dair müzakirələr aparılıb, fərdi və qrup tapşırıqları, qrup müzakirəsi, məsələlərə dair praktik həllərin hazırlanması kimi interaktiv metodlardan istifadə edilib.
Təlimin sonunda təlimin hər iki hissəsində müvəffəqiyyətlə iştirak etmiş iştirakçılara Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov tərəfindən sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlimin 1-ci hissəsi 29-31 mart 2023-cü il tarixlərində təşkil edilib.
200