18 sen
Yüksək nəticə göstərən 176 nəfər BMU-nu seçib
2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən 176 nəfər Bakı Mühəndislik Universitetini (BMU) seçib. Onlardan 134 nəfəri 500-600 arası, 42 nəfəri isə 600-dən yuxarı bal toplayıb.
AzEdu.az xəbər verir ki, BMU-ya bakalavr pilləsi üzrə qəbul 30 ixtisas üzrə həyata keçirilib və qəbul planı 90 faizə yaxını dolub. Magistratura səviyyəsi və MBA proqramı üzrə isə bu göstərici 95 faiz təşkil edib. Universitetə qəbul olan tələbələr arasında dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayında da artım olub. Cari tədris ili üzrə BMU-nu seçmiş tələbələrin 70 faizə yaxını dövlət hesabına təhsil alacaq.
BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı (İDP) üzrə 123 plan yeri isə tam dolub. Bununla da qəbul prosesi 2020-ci ildən həyata keçirilən proqram çərçivəsində hazırda təhsil alan tələbələrin sayı 387 nəfərə çatıb.
Proqrama yeni qəbul olan tələbələrdən 64,2%-ni 500 baldan çox nəticə göstərmiş abituriyentlər təşkil edir. BMU-İNHA İDP tələbəsi adı qazananların 25%-i isə 600-dən yuxarı bal toplayıb. Qəbul olanlar arasından ən yüksək balı (675.1 bal) Hakim Musazadə toplayaraq İDP-nin Elektronika mühəndisliyi ixtisasını seçib.
Ümumilikdə yüksək bal toplayan tələbələrin üstünlük verdiyi ixtisaslar sırasında İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Kimya mühəndisliyi, İnşaat mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Kimya mühəndisliyi əsas yerləri tutur.
76