blog
18 sen

Əlavə təhsil nədir, bundan kimlər , necə yararlana bilər? – Ətraflı izah

Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi son brifinqdə qeyd edib ki, uzun müddət məktəblərdə dərs keçməyən müəllimlər yenidən tədris prosesinə bərpa oluna bilər. Nazir diqqətə çatdırıb ki, tədrisdən uzaqlaşmış müəllimlər əlavə təhsil vasitəsi ilə yenidən fəaliyyətlərini bərpa edə bilərlər:

 

“Lakin əlavə təhsil almaq istəyənlər nəzərə almalıdırlar ki, bu tədris növü şəxsin öz hesabına reallaşır"

 

 

Bəs əlavə təhsil nədir? Bundan kimlər , necə yararlana bilər?

 

 

Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsidir.

 

 

Bu təhsil ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir.

 

 

İnsan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

 

 

AzEdu.az “Təhsil haqqında” Qanuna əsasən, xəbər verir ki, Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

 

 

ixtisasartırma;

kadrların yenidən hazırlanması;

stajkeçmə və kadrların təkmilləşdirilməsi;

təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili;

dərəcələrin yüksəldilməsi;

yaşlıların təhsili.

 

 

Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

 

Bu təhsil üzrə tədris ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında, ümumilikdə bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir.

 

 

Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənəd verilir.

 

 

İxtisasartırma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.
61

PAYLAŞ