15 sen
Valideyn sinif yoxdur deyir, məktəb isə nə təsdiq edir, nə də təkzib
Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində yeni tədris ili bu gündən etibarən başladı.
Yeni tədris ilinin başlamasının daha ilk günündən şikayətlər də başladı. Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin 5-ci sinifləri ilk gündən dərsdə iştirak edə bilməyiblər.
Buna səbəb isə onlar üçün nəzərdə tutulan sinif otağının dərs keçmək üçün yararsız olmasından qaynaqlanır.
Övladı həmin məktəbdə oxuyan Zəminə Ağazadə AzEdu.az-a şikayətində bildirib ki, məktəbdə siniflərin təmir olunması üçün valideynlərdən hər zaman pul yığılır:
“Qızım ibtida sinfi bitirdi və bu il 5-ci sinifə gedəcək. Bu gün onlara məktəbin ən pis vəziyyətdə olan sinifi verildi. Bu səbəbdən ilk dərs günündə heç bir 5-ci sinif məktəbə getməyib. Mənim kimi, digər valideynlər də çox pərişan haldadır. Sinif pis vəziyyətdə idi. Lövhəsi yox, stollar və stullar sınıq-salxaq. Oradan nəmişlik qoxusu gəlirdi və övladlarımızın orada dərs keçməsi üçün yararsız idi. Məktəbdə hər zaman təmir və çatışmayan əşyalar üçün pul yığılır. Övladımın belə bir sinifdə təhsil almağını istəmədiyim üçün hətta özüm də təklif etdim ki, pul toplayıb təmir etdirək. Məktəbin təkcə sinif otaqları deyil, idman zalı, bufeti və sanitar qovşağı da arzuolunmaz vəziyyətdədir”.
Sözügedən problemlə bağlı Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbə müraciət etdik.
Bildirildi ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsini məlumatlandırıb:
“Lakin sözügedən şikayətlər əsassızdır. 5-cilər üçün sinif otaqları hazır idi”.
178