15 sen
UNEC-ə Oriyentasiya Günü keçirilib
Sentyabrın 15-də UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü təşkil olunub.
AzEdu.az xəbər verir ki, UNEC-in bütün tədris binalarında təşkil olunan Oriyentasiya Günündə prorektorlar birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, təhsillərində uğurlar arzulayıblar. Tələbələrə UNEC-in onlar üçün yaratdığı təhsil imkanlarından maksimum dərəcədə faydalanmağı tövsiyə edən prorektorlar, onları əzmli, təşəbbüskar və universitetin ictimai-sosial həyatında fəal olmağa çağırıblar.
Oriyentasiya Günündə tələbələr Beynəlxalq Əməkdaşlıq Departamenti, Karyera Mərkəzi, İnnovativ Biznes İnkubatoru, kitabxana və tələbə təşkilatlarının məlumat guşələrinə yaxınlaşaraq, hər birinin fəaliyyəti barədə məlumatlandırılıblar. UNEC könüllüləri tələbələrə bələdçilik edərək, onları dekanlıq, kitabxana, auditoriyalar və digər inzibati otaqlarla tanış ediblər.
Oriyentasiya Günündə UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub, əyləncəli idman yarışları keçirilib. Günboyu Yaradıcılıq Mərkəzinin üzvləri müxtəlif musiqi nömrələri ilə çıxış edərək, UNEC ailəsinə yeni qatılan tələbələrə xoş anlar yaşadıblar.
Qeyd edək ki, 2023/24-cü tədris ilində ötən illə müqayisədə UNEC-ə magistraturada qəbul sayı 15%, bakalavriaturada isə 10% artıb. 600 və daha yüksək bal toplayaraq UNEC-ə qəbul olan abituriyent sayı 217 nəfərdir. Bu göstərici son 4 illə müqayisədə 17% çoxdur. UNEC-də bu il də ən yüksək qəbul nəticəsi (675 bal) Rəqəmsal İqtisadiyyat fakültəsinin "İnformasiya təhlükəsizliyi" (tədris ingilis dilində) ixtisası üzrə olub.
288