15 sen
Azad edilən ərazilərdə fəaliyyətə başlayan məktəb və şagirdlərin sayını açıqlayıb
15 Sentyabr - "Bilik Günü" münasibətilə Füzuli şəhərində Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə olan elm və təhsil naziri Emin Əmrullayev bu il işğaldan azad edilən ərazilərdə fəaliyyətə başlayan məktəblər barədə məlumat verib.
AzEdu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərin suallarını cavablandıran nazir deyib ki, bu tədris ilində Füzuli şəhər 1 saylı Mirzə Uluqbəy adına məktəbin, o cümlədən Laçında 2 saylı məktəbin açılışı oldu.
"Füzulidə hazırda 160-a yaxın şagirdimiz var. Amma, bu say hər gün artır. Çünki bu gün də Füzuli şəhərinə növbəti köç prosesi baş tutdu. Yəqin ki, bu tədris ili çərçivəsində şagirdlərin sayı 400-ə çatacaq. Eyni zamanda, Laçın şəhərində də bizim 140-a yaxın şagirdimiz var. Orada da artım gözləyirik. O cümlədən, Zabux qəsəbəsində də 100-dən artıq şagirdin bu tədris ilinin sonuna qədər təhsilə cəlb ediləcəyinə inanırıq. Zəngilanın Ağalı kəndində də məktəbin fəaliyyəti günü-gündən genişlənir. Ötən il orada cəmi 70-ə qədər şagird vardısa, artıq 120 şagirdlə bu tədris ilinə start verilib. Eyni zamanda, Tərtərin Talış kəndində də məktəbimizdə təhsil davam edir", - nazir qeyd edib.
E.Əmrullayev onu da əlavə edib ki, bu il ərzində işğaldan azad edilən ərazilərdə yeni məktəblərin açılışı gözlənilir.
"Bu il ərzində daha çox məktəbin açılışını gözləyirik. Şuşa şəhərində 1 saylı məktəbin açılışını və ikinci yarım ildən etibarən tədrisin davam edəcəyini gözləyirik. Onu da qeyd edim ki, işğaldan azad edilən bütün bölgələrimizdə təhsil infrastrukturunun inkişaf etdirilməsi işləri davam edir", - deyə nazir bildirib.
118