WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
13 sen

Deputat: “Jurnalistlərin arasında da ixtisaslaşma aparılsın!”

“Hər bir sahə üzrə ayrı olaraq jurnalistlər yetişdirmək lazımdır”

 

Bu barədə AzEdu.az-a deputat Kamilə Əliyeva jurnalistlərin ixtisaslaşmasından danışarkən deyib. Parlament üzvü qeyd edib ki, təhsil dövlətimizin ən prioritet sahələrindən biridir:

 

 

“Ümumiyyətlə, təhsilə Prezident cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Yeni məktəblər tikilir, köhnələri təmir olunur, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir və s.

 

Onu da qeyd edim ki, elm və təhsil naziri Emin Əmrullayev də mediaya çox açıq bir insandır. Tez-tez təhsillə bağlı jurnalistlər üçün brifinqlər keçirir. Təhsil barəsində yeniliklər, cəmiyyəti narahat edən nüanslar və dəyişikliklər geniş şəkildə işıqlandırılır. Bu təhsilimizin inkişafı üçün çox təqdirəlayiq bir haldır.

 

Jurnalistlərin təhsil qurumları ilə əməkdaşlığının zəruriliyindən danışsaq, bu, çox vacib bir prosesdir. Ölkəmizdə müxtəlif sahələrlə məşğul olan jurnalistlər çoxdur, amma yaxşı olardı ki, jurnalistlərin arasında da ixtisaslaşma aparılsın. Hər bir jurnalist bütün sahələri əhatə edə bilmə bacarığına malik deyil.

 

Məsələn, idman, mədəniyyət, iqtisadiyyat,siyasət o cümlədən, təhsil jurnalistlərini ayrı-ayrı yetişdirmək lazımdır.

 

Jurnalistika ixtisasını tədris edən universitetlərdə fakültə üzrə genişləndirmə işləri aparılmalıdır ki, biz buna nail olaq. Jurnalistikanın bu cür tədris olunması bu sahəni çox inkişaf etdirərdi”.
129

PAYLAŞ