WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
13 sen

2 bacı eyni ixtisasa qəbul olundu: “Sinif yoldaşım, tələbə yoldaşım oldu”

Valideynlərin çoxu övladının yüksək nəticə toplayaraq ali məktəbə qəbul olunmasını, gələcəkdə yaxşı karyera qurmasını arzulayır və qazandıqları uğurlara görə xoşbəxt olurlar.

 

 

Bu il Allahverdiyevlər ailəsində bu xoşbəxtlik 2 qat olub. Ailənin 2 qızı yüksək nəticə toplayaraq eyni universitetə və ixtisasa daxil olublar.

 

Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanından Fatimə Allahverdiyeva 626 bal, Fidan Allahverdiyava isə 600 bal toplayaraq Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq ixtisasına qəbul olunublar.

 

AzEdu.az-a danışan Fatimə Allahverdiyeva vurğulayıb ki, o, bir çox məqsədinə bacısı ilə bərabər nail olub:

 

“Bu il məktəbi fərqlənmə atestatı ilə bitirmişəm və 626 balla BDU –nun hüquqşünaslıq ixtisasına qəbul olunmuşam. Bacımla eyni ixtisasa daxil olmaq sözsüz ki, çox möhtəşəm bir hissdir. Çünki biz bu günə qədər bir çox məqsədlərimizə birlikdə nail olmuşuq və eyni ixtisasda təhsil almaq da bizim çoxdanki xəyalımız idi

 

Əslində hamı kimi biz də nəticələrin çıxmasını səbirsizliklə gözləyirdik. Tələbə adını qazanmağın yaşatdığı hislər çox fərqli imiş. Ən əsası isə bizim sevincimiz ikiqat idi. 11 illik sinif yoldaşım artıq mənim tələbə yoldaşım oldu.

 

Bu hal təbii ki, ailəmi də çox sevindirdi. Onlar bizə güvənirdilər və onların etimadını doğrulda bildiyimiz üçün çox xoşbəxtik”.

 

Müsahibimizin sözlərinə görə, yüksək bal toplamaq ilk növbədə böyük məsuliyyət və zəhmət tələb edir:

 

“Məncə, əgər bir şeyə nail olmaq istəyiriksə, bunun üçün müəyyən fədakarlıqlar etməliyik. Yəni bu dövr üçün də dərslərimizi daim diqqət mərkəzində saxlamalıyıq. Amma sözsüz ki, öz istirahətimizə də vaxt ayırmalıyıq.

 

Bir sözlə, ən əsas olan da vaxt bölgüsünü düzgün aparmaqdır. Tələbə adını qazanmaq istəyənlərə tövsiyəm bu olardı ki, özünüzə və çəkdiyiniz əziyyətə güvənin və inan ki, hər şey gözlədiyinizdən daha yaxşı olacaq”.

 

Allahverdiyeva vurğulayıb ki, 11 illik sinif yoldaşı olan bacısının bundan sonra tələbə yoldaşı olması onu çox sevindirir:

 

“Bu il məktəbi “Təhsildə nailiyyətlərə görə” medalı və xüsusi fərqlənmə attestatı ilə bitirib, yüksək bal toplayaraq, Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına dövlət sifarişli əsaslarla qəbul olmuşam.

 

İxtisas seçimimizin nəticəsinə bacımla eyni anda xəbərimiz oldu, çünki artıq nəticlərin yaxın zamanda çıxacağını bilirdik və səbirsizliklə həmin zamanı gözləyirdik.

 

Əmin olandan sonra ki, ikimiz də eyni universitetin eyni fakültəsində təhsilimizi davam etdirəcəyik, çox sevindik. Əslində balımıza əsasən istədiyimiz ixtisasa qəbul olmağı gözləyirdik, ancaq yenə də dediyim kimi, valideynlərimiz də, müəllimlərimiz də bu yolda bizə həmişə dəstək verirlər, onlara da öz təşəkkürümü bildirirəm.

 

 

Həmsöhbətimiz öz tövsiyələrini abituriyentlərlə bölüşüb:

 

“Abituriyentlərə əsas tövsiyəm odur ki, bu mərhələnin müvəqqəti olduğunu, bir müddət sonra qazandıqları uğurların onların çəkdiyi bütün zəhmətə dəyəcəyini bilsinlər. Düzdü, məsuliyyətli və maksimum səmərəli şəkildə hazırlaşmalıyıq ancaq bəzən hər şey istədiyimiz kimi yolunda getməyə də bilər. İmtahana qədər ki, sınaqlarda olan nəticələr onları əsla ruhdan salmasın, əsas olan bilmədiklərimizi öyrənib növbəti dəfə səhvlərimizi təkrarlamamaqdır. Son olaraq yeni təhsil ilində hər kəsə uğurlar arzulayıram”.
124

PAYLAŞ