WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
09 sen

Gəncə – Daşkəsən RTİ üzrə sentyabr konfransı keçirilib

Sentyabrın 8-də Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

 

Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə şəhəri, Goranboy, Naftalan, Göygöl, Samux, Daşkəsən rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlarda çalışan pedaqoji heyət və digər qonaqlar iştirak ediblər. 

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir müavini "Heydər Əliyev İli" çərçivəsində icra olunan tədbirlər, təmir edilən məktəblər, dərslik təminatı, təhsilverənlərin müasir tələblərə cavab verməsinin vacibliyi, sertifikatlaşdırma prosesi, innovativ təcrübənin yayılması, icbari təhsilin təmin olunması, əməkhaqqının stimullaşdırılması, innovativ layihələr barədə məlumat verib.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov öz növbəsində konfrans iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev hesabatla çıxış edib.


Konfrans müddətində Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin təhsilverən və təhsilalanlarından ibarət "Birlik" xor kollektivi müxtəlif musiqi nömrələri səsləndirib.


Konfransda 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi təltif olunub.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
137

PAYLAŞ