WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
07 sen

Modern.az və "Nar" ən yüksək bal toplayanları mükafatlandırdı

Bu gün Modern.az İnformasiya Agentliyi və "Nar" şirkətinin birgə təşkilatçılığı ilə ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib.

 

 

 

AzEdu.az xəbər verir ki, tədbirdə 10 ən yüksək bal toplamış abituriyentlər, onların ailə üzvləri, millət vəkilləri iştirak edib.

 

 

 

Tədbirdə açılış nitqini "Nar" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əziz Axundov edib. O bildirib ki, “Nar” şirkəti artıq belə tədbirlər keçirməyə vərdiş edib. Ə.Axundov yüksək bal toplamış abituriyentlərin digərlərinə də nümunə olduğunu vurğulayıb.

 

 

 

Daha sonra yüksək bal toplayan abituriyentlərin mükafatlandırma mərasimi keçirilib.

 

 

İlk mükafat Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Nərgiz İsmayılova tərəfindən 693 bal toplayan 169 saylı məktəbin şagirdi olmuş Ləman Quliyevaya təqdim edilib.

 

 

692 bal toplayan Cavid Nəzərov və 690 bal toplamış Mikayıl Cəfərli isə mükafatlarını millət vəkili Fatma Yıldırımdan alıblar. Xanım deputat hər iki abituriyentə öz xoş arzularını çatdırıb və uğurlar diləyib.

 

 

Bundan sonra Milli Məclisin digər deputatı Şahin İsmayılov kürsüyə dəvət olunub. O, 687 bal toplayan Emil Cəfərov və 686 bal toplamış İsmayıl Abdullayevin mükafatlarını təqdim edib. Deputat universitet illərinin önəmindən bəhs edib: “İnsan həyatının ən önəmli dövrlərindən biri tələbəlik illərinə təsadüf edir. Bu illərdə adam yeni dostlar qazanır. Universitet illəri gələcək üçün planların qurulduğu bir dönəmdir. Bu gənclərimizin də geniş imkanları olacaq. Çünki ölkədə 300 gənclər təşkilatı var. Bir daha uğurlar!”.

 

 

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da çıxış edib.

“Ali məktəbə qəbul olmaq bütün abituriyentlərin arzusudur. Valideynlər də övladlarının ali məktəblərə qəbulunu daim arzu edir. Bu gənclərimizi təbrik edirik. Bəli, yüksək bal toplamaq önəmlidir. Ancaq bu, əsas deyil. Çünki bəzi yüksək bal toplayanlar sonradan arxayınlaşır. Mən bu gənclərin uğur tendesiyalarını davam etdirməsini arzu edirəm. Bir də universitetdə təcrübəyə getmək lazımdır. Bəzi tələbələr 4 il universitetə gedib gəlirlər. Axırda təcrübəyə getmirlər. Beləliklə də, iş tapmaqda çətinlik çəkirlər. Təcrübəyə getmək vacibdir. Ümumiyyətlə, bizim gələcəyimiz sizsiniz. Siz daha çox çalışmalısınız. Sonda layihənin təşkilatçılarına öz təşəkkürümü bildirimək istəyirəm”, - deputat deyib.

 

 

Çıxışından sonra deputat Fərman Salmanov adına məktəbin şagirdi olmuş və qəbulda 686 bal toplayan Mehin Əliyevanı təbrik edib.

 

 

Ardınca Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edib və tələbəlik illərinin önəmini diqqətə çatdırıb: “Bu illərdə yeni tanışılıqlar üçün fürsət yaranır. Bu dövrdə tələsməyə ehtiyac yoxdur. Qazanılan uğurları da özünüz üçün böyütməyin. Çünki uğurlar hələ qabaqdadır. Ən əsası vətən üçün çalışın. Vətən mənə nə edib yox, mən vətənə nə etmişəm sualını verin”.

 

Sevinc Fətəliyeva 24 saylı tam orta məktəbin şagirdi Nicat Səmədlinin mükafatını ona təqdim edib.

 

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı gənclərə öz tövsiyələrini verib:

 

“Öyrəndiklərinizə həmişə diqqət yetirin. Sual verməyi bacarın. Yaxşı mənada hər şeyə şübhə ilə yanaşın. Suallarınıza cavab tapdıqda yeni suallar verin ki, yeni nəsə ortaya qoyasınız. Düşünürəm ki, bəzilərində olduğu kimi bu gənclərdə də uğur baş gicəllənməyə səbəb olmayacaq”.

 

Texniki Humanitar Liseyin şagirdi olmuş qəbulda 686 bal toplayan Saud Hüseyn mükafatını Elçin Şıxlıdan alıb.

 

Sonda Modern.az İnformasiya Agentliyinin direktor müavini Pərvin Arzuqızı çıxış edərək bu günün qəhrəmanlarını təbrik edib.

 

"Əziz tələbələr, günümüzün qəhrəmanları sizləri ürəkdən təbrik edirəm. Düşünürəm ki, sizin üçün hər şey qarşıdadır. Sizlər bundan sonra da öz üzərinizdə daha çox çalışmalısınız. İnanırıq ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycanın adını yüksək tutmaqla gələcək nəsillərə örnək olacaqsınız. Sonda əziz tələbələr, harada olmağınızdan asılı olmayaraq, hər birinizə əsl azərbaycanlı olmağı arzu edirəm", - deyə o, sözlərini yekunlaşdırıb. 

 

Türkiyə Dəyanət Vəqfinin məzunu olmuş və qəbulda 686 bal yığan Elvin Axundov mükafatını Pərvin Arzuqızından alıb.
263

PAYLAŞ