05 sen
Sertifikasiya! - Ekspert: “Bu xarici dil müəllimlərinə şans verilməsin”
Xəbər verdiyimiz kimi, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub.
Elm və Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.
Nəticə etibarı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq, 743 ibtidai sinif müəlliminin əmək müqaviləsinə xitam verilib.
Prosesi AzEdu.az-a dəyərləndirən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə minlərlə müəllim içərisindən cəmi 743 nəfər təhsil verənlərin işdən çıxarılması kifayət qədər müsbət nəticədir:
“743 müəllim sertifikatlaşmadan keçə bilmədiyinə görə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilib. Sertifikatlaşmada iştirak edən (2022-ci il) 11 mindən artıq müəllimdən cəmi 743 nəfərinin uğur qazana bilməməsi kifayət qədər yüksək nəticədir. Belə nəticənin əsas səbəblərindən biri sertifikatlaşmanın gözləndiyindən "yumşaq" təşkil olunması və müəllimlərin prosesin ciddiliyini dərk edərək, hazırlaşması oldu”.
Ekspert növbəti sertifikasiya imtahanlarında qaydaların müəyyən qədər dəyişməli olduğunu qeyd edib:
“Düşünürəm ki, ibtidai sinif müəllimlərinin sertifikatlaşması daha ciddi aparılmalı idi. Təkcə tədris dili və riyaziyyat deyil , ibtidai sinifdə tədris olunan 7 fənnin yeddisindən də suallar salınmalı idi. Qarşıda xarici dil müəllimlərinin sertifikatlaşması gəlir. Tədris etdiyi dildə ünsiyyət qura bilməyən xarici dil müəllimlərinə müəllim işləmək şansı verilməməlidir. Ona görə də xarici dil müəllimləri üçün qaydalarda dəyişilik edilməsi zəruridir”.
287