05 sen
Təhsil işçilərinin sentyabr konfransı keçirilib
Masallı şəhəri Heydər Əliyev Mərkəzində Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxış edərək 2023–2024-cü tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlığın və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında rayon üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov hesabatla çıxış edib. Hesabatda region üzrə şagird və müəllim nailiyyətləri, milli qiymətləndirmə və buraxılış imtahanının nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinə dair reytinq sıralaması, təhsilin təşkili və idarəolunması üzrə statistik məlumatlar, əmək intizamına nəzarət və bu istiqamətdə tətbiq edilmiş intizam tənbehi tədbirləri, təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlər yer alıb.
Tədbirdə təhsil müəssisələri, müəllimlər və şagirdlərlə bağlı 2023–2024-cü tədris ili üzrə əsas mesajlar diqqətə çatdırılıb.
Konfrans çıxışlarla davam etdirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə təhsil sektorlarının əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər.
80