02 sen
Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?
TehsilForumu.Az xəbər verir ki , Sinifdə valideyn iclaslarını təşkil edərkən sinif rəhbərləri valideynləri sinifin təlim-tərbiyə prosesində əldə etdiyi uğurlarla, ayrı-ayrı fənlər üzrə aparılmış ümumi analizlərlə tanış edir və valideynlərə xəbərdarlıq edir ki, hər bir valideyn övladı haqqında məlumatları ayrı-ayrılıqda əldə edə bilər.
Praktikadan göründüyü kimi, valideynlərin (xüsusilə də zəif oxuyan şagirdlərin valideynləri) sinif-valideyn iclaslarında iştirak etmir və ya zəif iştirak edir. Bunun əsas səbəbi sinif rəhbərlərinin sinif-valideyn iclaslarında qeyri-peşəkar davranışları, valideynlər qarşısında zəif nəticə göstərən valideynləri aşağılayırlar ("sənin uşağın oxumur”, "tərbiyəsizdir” "problem yaradır” və s), nəticə isə göz qabağındadır. Bütün həmkarlarımı dəvət edirəm-bir anlıq özümüzü o valideynlərin yerində təsəvvür edək.
Sinifdən-sinifə keçdikcə sinif-valideyn iclaslarında iştirak edən valideynlərin sayı azalır. I-IV siniflərdə keçirilən sinif-valideyn iclaslarında iştirak edən valideynlərlə V-VII, VIII-IX, X-XI siniflərdə olan valideyn iclaslarında iştirak edən valideynlərin say nisbətini müqayisə etsək, deyilənlərin öz təsdiqini tapdığını görəcəyik.
Odur ki, sinif rəhbəri iclasın əvvəlində öz övladları ilə fərdi maraqlanan valideynlərə iclasın sonunda şəxsən, təklikdə yanaşmasını xahiş etməlidir. Bir şagirdin nəticələrini digər şagirdin valideynlərinin yanında müzakirə etməməlidir. Bu, pedaqoji cəhətdən yol verilməzdir. Yalnız müxtəlif yarışmalarda və müsabiqədə fərqlənən şagirlərin adı çəkilə bilər ki, bu da rəğbətləndirmə məqsədi güdməlidir. Bir şagirdi qaldırmaq, digərlərini aşağılamaq yox.Sinif rəhbəri fərdi qəbul etdiyi valideynlərlə müzakirənin qısa və mənalı olması üçün vacibdir ki, qeydiyyat dəftərini açıb həmin şagirdlə bağlı apardığı qeydlərlə, fənn müəllimləri ilə söhbət zamanı apardığı qeydlərlə valideyni tanış etsin.
Sinif rəhbəri unutmamalıdır ki, valideynlərlə ünsiyyət zamanı onun əsas vəzifələrindən biri onlara pedaqoji-psixoloji komponentləri aşılamaqdır. Sinif rəhbəri ilə danışan valideyn məktəbi təmsil edən, yüksək savadlı və yüksək səviyyəli ziyalı və pedaqoqla danışdığını, işini sevən, bütün çətinliklərinə baxmayaraq, sənəti ilə fəxr edən bir MÜƏLLİMİN olduğunu hiss etməlidir. Valideyn kim olmasından, soaial vəziyyətinin necə olmasından asılı olmayaraq, o valideyndir, övladının təlim-tərbiyəsini bizlərə əmanət edən vətəndaşdır.
Sinif-valideyn iclasları zamanı sinif rəhbəri ciddiliyi, səmimiyyəti, gülərüzlülüyü, hər bir valideyinə eyni münasibəti ilə valideynlərin diqqətini cəlb etməlidir. Valideynlər arasında təşkilatçılıq qabiliyyəti olanları seçməyi bacarmalı, təşkilati məsələlərdə həmin valideynlərin bacarığından istifadə etməyi bacarmalıdır. Burada yenə bütün iş sinif rəhbərinin profesionallığından asılıdır.
Sinif rəhbəri ünsiyyətdə olduğu hər bir valideynlə münasibət qurarkən dövlət məmuru olmasını, işlədiyi məktəbi təmsil etdiyini, peşə şərəfinin hər şeydən uca olmasını unutmamalıdır. Valideynlərlə fərdi söhbət zamanı sinif rəhbəri, münaqişələrdən yan keçməyi, valideyni məktəbə qarşı münasibətdə düzgün münasibət qurmağa istiqamətləndirməyi bacarmalıdır.
Təəssüf ediləsi hallardan biri də valideynlərimizin bir qrupu həyatda rastlaşdıqları sosial problemlərin səbəblərini məktəbdə "görür”(baxmayaraq ki, heç bir məntiqə sıxmır belə münasibət ) və aqressiyanı məktəbə, müəllimə qarşı yönəldir. Məhz belə valideynlərlə ilk işi sinif rəhbəri qurur. Belə vəziyyətdə sinif rəhbərinin psixoloji-pedaqoji təcrübəsi ilə yanaşı, yüksək ünsiyyət və nitq bacarığının olması onun peşəkarlığının əsasını təşkil edir.Sinif valideyn iclasının sonunda növbəti valideyn iclasının mövzusu elan edilir. Valideynlərlə razılaşdırılır. Valideynlərin təklifləri nəzərə alınır.
Sinif rəhbəri sinif-valideyn iclasının protokolunun bir nüsxəsini və iclas haqqında şifahi ( yazılı da ola bilər rəhbərliyin tələbindən asılıdır) olaraq məktəb rəhbərliyinə (Təşkilat üzrə direktor müavininə) məlumat verməlidir.
472