Rezidenturaya qəbul üçün ixtisas seçimi başlayıb
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.
Namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 22-si saat 23:59‑dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.
Qeyd olunub ki, müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
DİM-dən o da bildirilib ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.