WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
01 apr

PEŞƏ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL

I mərhələ üzrə elektron qeydiyyat:

1 avqust tarixindən etibarən Peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. Peşə təhsili almaq istəyən şəxslər 1-12 avqust tarixlərində “portal.edu.az”  platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil  bazasını bitirən şəxslər üçün açıqdır. 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılacaq. Son müraciət tarixi 12 avqust 18:00-dır.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, SMS vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

        Qəbul planı

           Elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur:

  • Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);
  • Təhsil haqqında sənəd (attestat);
  • Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd.

    Aşağıda qeyd olunan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
  • I, II və III dərəcə əlilliyi olan şəxslər;
  • şəhid ailəsinin üzvləri;
  • 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər30.08.2022

        II mərhələ üzrə elektron qeydiyyat:

    30 avqust tarixindən etibarən 2022/2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün  elektron tələbə qəbulunun II mərhələsinə start verilir.

    II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 5 sentyabr saat 17:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

    Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

    Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. II mərhələdə ümumilikdə 8500 boş qalmış plan yeri müsabiqəyə çıxarılıb.

    Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

    Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 1-12 avqust 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22016 nəfərdən 59993 müraciət daxil olub. Alınan nəticələr bu ilki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 % çox olduğunu göstərir. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 12669 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim ediblər.

204

PAYLAŞ