blog
31 mar

ABŞ Səfirliyi tələbə qəbulu elan edib

ABŞ Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edir. Proqram üzrə dərslər ABŞ və Avropa Universitetlərindən səfər edən müəllimlər və qərb təhsilli gürcü professorlar tərəfindən aparılacaq. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir.Beş nəfərə qədər azərbaycanlı namizədin 2023-cü ilin sentyabrından 2025-cü ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçilməsi gözlənilir.Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilər. Tələbələr 2023-cü ilin sentyabr ayından 2024-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GİPA-da oxuyacaqlar. 2025-cü ilin may ayında isə onlar diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıdacaq. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını hazırlayacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaq. GIPA tələbələri Erasmus+ mübadilə proqramlarında iştirak etmək və müxtəlif Avropa Universitetlərində bir semestr təhsili üçün maliyyə almaq hüququna malikdirlər.Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.ABŞ-ın Bakıdakı səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.

Qəbul üçün prosedur: Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibədən uğurla keçmək.

Sənədlərin qəbulu üçün son tarix 30 aprel 2023-cü ildir.

Əlavə məlumat əldə etmək və ya sənədlərin göndərilməsi üçün Mehdi Hüseynquluyev, proqramın yerli koordinatoru (elektron ünvan: HuseynguliyevMM@state.gov) ilə əlaqə saxlayın.

Nəzərə alın ki, e-poçtunuzdakı mövzu sətrində yazılmalıdır: GIPA-2023 Documents

GIPA proqramına tələb olunan sənədlərin siyahısı:

1. Ərizə forması

2. Tövsiyə məktubları 

3. Təhsil məqsədləri haqqında bəyanat

4. Diplomların surəti*

5. Diplom əlavələri

6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

* Qeyd: 2022-ci ildə universiteti bitirmiş, lakin diplomlarını vaxtında ala bilməyən məzunlar universiteti bitirdiklərini təsdiq edən müvəqqəti sənəd/arayış təqdim edib proqramda iştirak edə bilərlər. Onların 1 avqust 2023-cü il tarixinədək diplomlarını qəbul komissiyasına təqdim etməsi şərtdir.

Əlavə məlumat və GİPA Jurnalistika üzrə magistr proqramının ərizə formasını əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

https://drive.google.com/file/d/1LbG4xgC2aNNrv1axgjy7O-nvF4N-Kb9h/view?usp=sharing


239

PAYLAŞ