Boş yerə yığılan BSQ və KSQ pulları...- “Kağız israfıdır”
Məktəblərdə şagirdlərin bilik və bacarıqlarının yoxlanması üçün böyük və kiçik summativ qiymətləndirmələr keçirilir. Bəziləri summativ qiymətləndirmələrin gərəksiz, hətta kağız israfına səbəb olduğunu vurğulayır.
Bəs summativ qiymətləndirmələr şagirdlərin inkişafında hansı rola malikdir? Qiymətləndirmələr başqa hansı üsulla keçirilə bilər?
Mövzu ilə əlaqədar təhsil eksperti Elnur Hacıyev AzEdu.az-a açıqlama verib.
Ekspert bildirib ki, ümumtəhsil məktəblərində tətbiq edilən qiymətləndirmə prosesi 28 dekabr 2018-ci il ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı ilə tənzimlənir:
"Hər bir müəllim öz şagirdlərini bu qaydaların tələbləri əsasında qiymətləndirilməlidir. Bu sənəddən kənar özfəaliyyət yolverilməzdir".
Böyük və kiçik summativ qiymətləndirmələrin əhəmiyyətindən bəhs edən ekspert bildirib ki, Böyük Summativ Qiymətləndirmənin aparılması zəruridir: “Lakin hesablanma qaydası, daha dəqiq desək, balın hesablanması və qiymətin müəyyən edilməsi prosedurları qəlizdir. Bu prosedurları daha sadə və optimal vəziyyətə gətirmək olar. KSQ-lərin keçirilmə tezliyi də sürətlidir. Şagird gözünü açır, yumur növbəti KSQ-nin vaxtı çatır”.
E.Hacıyev qeyd edib ki, məktəblərdə “BSQ və KSQ pulları” adı altında yığılan vəsaitin əsasında qiymətləndirmələrin kağız daşıyıcılarla aparılması problemi dayanır: “Ölkə məktəblərinin böyük əksəriyyəti hələ də qiymətləndirməni kağız daşıyıcılar üzərində aparır. Bu da bir çox problemlərə yol açır. Bəzi məktəblərdə “BSQ və KSQ pulları” adlı neqativ halların yaranmasına səbəblərdən biri də məhz şagird nailiyyətlərinin qiymətləndirilməsi kağız daşıyıcılarda aparılmasıdır”.
Müsahibimiz təklif edib ki, bu problemin həlli üçün BSQ və KSQ-lər onlayn formada aparılmalıdır: “Əgər qiymətləndirmə həyata keçirilirsə, əlavə kağız və çap xərclərinə ehtiyac yaranmaz. Həm qiymətləndirmə şagirdlər üçün maraqlı, rahat, sürətli və effektiv keçər, həm də müəllimlərin BSQ və KSQ yoxlama kimi ağır iş yükü yaranmaz. Elektron qiymətləndirmə proqramları qiymətləndirməni avtomatik keçirir. Üstəlik qiymətləndirmə datalarının təhlilini də detallı şəkildə üzə çıxara bilir.Elektron qiymətləndirmə resurslarından istifadə etməklə aparılan BSQ və KSQ-lər çevikdir, effektivdir. Elektron qiymətləndirmə yarana biləcək problemləri minimuma sala bilir. Elektron qiymətləndirmənin aparılması üçün məktəblərdə zəruri infrastruktur və maddi - texniki imkanları yaradılmalı, müəllimlərin elektron qiymətləndirilməni həyata keçirmək üçün istəyi və səriştəsi olmalıdır”.