blog
20 okt

Abituriyentlərin nəticələri niyə zəifdir? - SƏBƏBLƏR

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-ci ildə keçirilmiş qəbul imtahanlarında Azərbaycan bölməsi üzrə təhsil alan abituriyentlərin imtahan fənləri üzrə göstəriciləri təqdim olunub.

 

Təqdim olunan statistikaya əsasən abituriyentlərin riyaziyyat və coğrafiya fənləri üzrə nəticələrinin aşağı olduğu müşahidə olunur.

 

 

Maraqlıdır, abituriyentlərin sözügedən iki fənn üzrə nəticələrinin aşağı olması onların dərsləri zəif qavraması ilə əlaqəlidir?

 

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elnur Hacıyev hesab edir ki, məktəb DİM-in hazırladığı suallarla vaxtında ayaqlaşa bilmir:



“DİM-in buraxılış imtahanında təqdim etdiyi suallarla, ümumtəhsil məktəblərində məktəbin təqdim etdiyi BSQ, KSQ sualları arasındakı fərqlilik göstəricini aşağı salan səbəblərdən biridir. Məktəblərin təqdim etdiyi suallar adətən daha asandır. Şagirdlərin DİM-in təqdim etdiyi suallarla işləmə təcrübəsi az olur. Məktəb DİM - in hazırladığı suallarla vaxtında ayaqlaşa bilmir. İmtahan mərkəzi hazırladığı sualların formatını ildən-ilə dəyişir, daha dəqiq desək, təkmilləşdirir. Ümumtəhsil məktəbləri isə bu dəyişmə sürətinə yetişə bilmir. Məhz bu səbəbdən də buraxılış imtahanında nəticələrin aşağı olduğu görünür”.

 

Ekspertin sözlərinə görə, coğrafiya və riyaziyyat fənnlərdə nəticələrin aşağı olmasının əsas səbəbi sualların fərqli və çətin formada təqdim olunmasıdır:

 

“Nəticəyə təsir göstərən başqa səbəb və amillər də ola bilər. Hesab edirəm ki, riyaziyyat və coğrafiya fənlərində nəticələrin daha aşağı olması əsasən bu fənlər üzrə hazırlanmış sualların çətin və fərqli formatda olmasıdır. Xüsusən riyaziyyat fənnində bu amil özünü daha qabarıq göstərir”.

 

 

Müsahibimiz təklif edir ki, DİM ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) hazırlanacaq suallar barədə mütəmadi müzakirələr aparmalıdır.

 

“Çünki məzmun və qiymətləndirmə bir-birinə uyğun hazırlanmalıdır. Abituriyentlərin süni əngəllərə ilişməyib nəticələrini düzgün göstərə bilməsi üçün bu zəruridir”.

 

Esmira Əliyeva
136

PAYLAŞ