17 okt
PROBLEM: “Universitetlərin prestijləri var, amma təhsil keyfiyyəti yoxdur”...
Məlum olduğu kimi, abituriyentlər ali təhsil müəssislərinə seçim zamanı bəzən univeristetin adına görə, bəzən isə universitetin üstünlüyünə görə seçim edirlər.
Belə olan halda insanların təhsilin keyfiyyətinə deyil, prestijinə önəm verdiyi ortaya çıxır.
Məsələ ilə bağlı AzEdu.az - a açıqlama verən sabiq deputat, təhsil eksperti Sona Əliyevanın vurğulayıb ki, görə azrəbaycanlıların əksəriyyəti prestijli universitetdə təhsil almağı mühüm hesab edirlər:
“Adətən universitet seçimi edən namizədlər təhsil almaq istədikləri ali məktəbi ya prestijinə görə, ya da təhsilin keyfiyyətinə görə seçirlər. Hesab edirəm ki, abituriyentlər məzun olduqdan sonra iş tapmağı və gələcək karyeralarının necə olacağını düşünərəkdən universitet seçimi edirlər. Onların fikrincə, prestijli ali məktəblərdə təhsil almaqla, yüksək karyera nəticələri əldə edəcəklər. Bəzi abituryentlər isə təhsilin keyfiyətini göz önündə saxlayır və seçimini bu yöndə edir”.
Ekspert qeyd edib ki, namizədlərin universitetləri adına görə seçməkləri düzgün deyil:
“İnsanlar arasında universitetlərlə bağlı sosial təsir formalaşıb. Bu təsir insanların seçimində də özünü göstərir. Ona görə də adətən abituriyentlər universitetin adına görə təhsil almağa üstünlük verirlər. Bu əslində yaxşı hal deyil. Çünki onlar öz şəxsi maraqlarını 2-ci plana atmış olurlar”.
Həmsöhbətimiz vurğulayıb ki, xaricdə yerləşən prestijli universitetlərdə təhsilin keyfiyyəti yüksək olsa da, Azərbaycan universitetləri üçün bunu demək olmaz:
“Ümumiyyətlə, nəinki Azərbaycanda, dünyada da univeristetin prestijinə çox önəm verirlər. Düzünü desək, xaricdə prestijli ali məktəblər daha yüksək təhsil keyfiyyətinə malikdir. Amma Azərbaycanda bəzi universitetlərlə bağlı biraz doğru olmayan təəssvürlər formalaşıb. Elə universitetlər var ki, bütün ixtisaslar üzrə, eləsi də var ki, bəzi ixtisaslar üzrə yüksək təhsil verirlər. Buna baxmayaraq müəyyən səbəblərdən tanınmır. Hər bir halda Azərbaycanda ictimai şüuru formalaşdıran elə cəmiyyətin özüdür. Bu fikir yalnış və yaxud doğru fərq etmir. Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda prestiji olan, amma təhsil keyfiyyəti yüksək olmayan universitetlər də var”.
S.Əliyevanın sözlərinə görə, valideynlərin və abituriyentlərin maariflənməsinə ehtiyac var:
“Hər bir abituriyent ali məktəblərə seçim zamanı ciddi araşdırma aparmalıdır. Bu zaman tələbə üçün təhsilin keyfiyyəti mühüm əhəmiyyətə malik olmalıdır. Lakin bizdə bu cür yanaşma formalaşmayıb. Şagirdlərin əksəriyyəti 10-11 siniflərdə hansı ixtisas üzrə təhsil almaq istədiklərini heç fikirləşmirlər. Kütlənin təsirinə, dostların fikrinə ,qohumların məsləhətinə qulaq asaraq müəyyən bir ixtisası seçirlər. Çox vaxt öz şəxsi maraqlarını geridə qoyurlar. Bu baxımından Azərbaycanda həm abituriyentlərin, həm də valideynlərin ciddi bir şəkildə maariflənməsinə ehtiyac var”.
Son olaraq, ekspert Azərbaycan təhsilinin xarici təhsildən geri qalmadığını vurğulayıb:
“Düşünürəm ki, Azərbaycanda xaricdə təhsillə bağlı həddindən artıq şişirdilmiş fikirlər mövcuddur. Halbuki, yerli univeristetlərdə də müəyyən ixtisaslar üzrə xaricdən geri qalmayan təhsil verilir”.
Esmira Əliyeva
141