WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
13 okt

PROBLEM: “Fərqli ixtisaslara qadınların cəlb olunmasına çalışmalıyıq !”

İnsanın cəmiyyətdə formalaşması prosesində təhsil müstəsna rol oynayır. Təhsil hər bir millətin, dövlətin, insan həyatının mühüm sahəsidir. Cəmiyyətin inkişafında təhsilin rolu əvəzsizdir. Təsadüfi deyil ki, təhsilli şəxslər özlərini müxtəlif sahələrdə inkişaf etdirərək cəmiyyətə töfhələr verirlər.

 

Ancaq təəssüf ki, hələ də təhsildən yayınan şagirdlər var. Onların təhsildən yayınması cəmiyyətə sosializasiya olunmalarına mənfi təsir göstərir.

 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində qız uşaqlarının təhsilə cəlb olunması məsələsinə toxunaraq qeyd etmişdi ki, qadınların təhsil alması aktual və önəmli məqamlardan biridir.

 

Görəsən hələ də qız uşaqlarının ali təhsilə cəlb olunmasında problemlər var?

 

Mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, qız uşaqlarının təhsildən yayınması hallarının aradan qaldırılması ilə bağlı Elm və Təhsil Nazirliyi, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Hüquq Mühafizə Orqanları tərəfindən ciddi işlər görülür.

 

İ.Orucov qeyd edib ki, ali təhsil icbari təhsil olmadığı üçün hər kəs imtahan prosesindən keçdikdən sonra ali məktəblərə daxil olur. Məlumdur ki, ali təhsilə gedən yol tam orta təhsildən keçir. Əgər bir qız uşağı tam orta təhsildən kənarda qalırsa, o zaman onun ali təhsil müəssisəsinə qəbul şansı da olmayacaq.

 

“Bəzən eşidirik ki, kəndlərdə valideynlər qızlarının ali təhsil almağına mane olurlar. Hətta onlar təhsil almağa pis baxırlar. Cəmiyyətdəki bu düşüncə geriliyinə qarşı ciddi mübarizələr aparılmalıdır”. 

 

Müsahibimiz qeyd edib ki, cəhaləti aradan qaldırmaq üçün davamlı və genişmiqyaslı maarifləndirmə işləri aparılmalıdır. Bununla yanaşı, övladını təhsildən yayındıran valideynlərə qarşı kəskin ictimai qınaq olmalıdır. Kəndin, icmanın, qonşuların qınağı nəticəsində də müəyyən qədər irəliləyişlər əldə edə bilərik".

 

Maraqlıdır, bəs statistikalar qadınların təhsilə cəlb olunmağı baxımından nə deyir? 

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov qeyd edib ki, əvvəlki illərlə müqayisədə ali təhsil müəssisələrinə qəbul olanların sayında artım var: “Statistikaya görə 2010-cu ildə 65 min, 2017-ci ildə 80 mindən artıq qadın ali təhsil müəsissələrinə cəlb olunub. Keçən il isə bu rəqəm 85102-yə çatıb. Bunlardan 77448-i dövlət, 7654 nəfəri isə özəl ali təhsil müəsssisələrində təhsil alıblar”.

 

“Statistikaya görə qadınların təhsilə cəlb olunma faizi qənaətbəxşdir. Lakin əsas problem qadınların yuxarı təhsil pillərində iştirakı ilə bağlıdır. Orta ümumtəhsil məktəblərində çalışan 150 min müəllimin 81%-ni qadınlar təşkil edir. Ancaq biz fərqli ixtisaslara da qadınların cəlb olunmasına çalışmalıyıq”.

 

Ekspert qeyd edib ki, mütləq şəkildə qızların təhsil haqqının ödənilməsi məsələsində güzəştlər edilsin: “Azərbaycan qadınlarının ali təhsil almağı ilə bağlı proqram qəbul olunmalıdır. “Azərbaycan qadını elmdə” xüsusi proqramı tərtib edib, onların dövlət hesabına təhsil almalırını təmin etməliyik. Bu isə özlüyündə həm erkən nikahların qarşısını alacaq, həm də xoşbəxt ailələrin sayını artıracaq. Unutmamalıyıq ki, təhsilli qadın təhsilli anadır”.

 

Müsahibimiz vurğulayıb ki, orta məktəblərdə 9-11 siniflərdə qız şagirdlərin davamiyyəti yaxşı deyil:

 

“Xüsusən 9-cu sinifdən sonra qızların təhsilində müəyyən boşluqlar var. Rəqəmlərə baxsaq görərik ki,  Azərbaycan bölgələrində qızların təhsildən yayınması ilə bağlı ciddi təhlükə yoxdur. Ancaq bəzi yerlərdə valideynlər qızlarını yaşadıqları yerdən uzaqda ali təhsil almağa qoymadıqları üçün daha yaxın ərazilərdə peşə yaxud orta ixtisas təhsilinə yönləndirirlər. Bunun aradan qaldırılması üçün bölgələrdə müasir standartlara cavab verən universitetlər açılmalıdır.

 

Orta məktəb hamı üçün əlçatandır, amma təhsilin sonrakı pillələrində boşluqlar yaranır. Nefçala, Salyan, Xaçmaz , Qusar, Yevlax, Ağdaş, Göyçay bölgələrində universitetlər açılmalıdır ki, qızların ali təhsilə əlçatanlığı təmin olunsun”.

 

Sifayə Abbas

129

PAYLAŞ