Hansı universitetlər tələbələrə adlı təqaüd verir?... - SORĞU
Azərbaycanın ali təhsil müəssisələrində tələbələrə standart, prezident və adlı təqaüdlər verilir. Ali məktəblərdə təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
Magistratura səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;
Bakalavriat səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat.
Prezident təqaüdünün məbləği - 275 manat.
Maraqlıdır, bəs hansı universitetlərdə adlı təqaüdlər var? Tələbələrin təhsil aldıqları müddətdə onlar üçün hansısa güzəşt və imtiyazlar mövcuddurmu?
AzEdu.az-ın əməkdaşı sözügedən mövzu ilə bağlı bəzi universitetlərlə əlaqə saxlayıb:
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova təqaüdlərlə bağlı tələbələr üçün xeyli imkanlar yaradıldığından söz açıb:
“UNEC-də 600 və daha yüksək bal toplayan I kurs tələbələrinə, eləcə də beynəlxalq olimpiada və respublika fənn olimpiadaları qaliblərinə birinci semestr ərzində 100 manat məbləğində xüsusi təqaüd verilir. Eləcə də, hər semestrdə imtahan sessiyasının nəticələrinə görə hər kurs üzrə ÜOMG-si ən yüksək olan 15 tələbəyə "Əlaçı təqaüdü" verilir. Bundan başqa, tələbələrimiz adlı təqaüd proqramlarına da qatılaraq, təqaüdlər qazanırlar. Məsələn, Kapital Bank, Accsess Bank, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası həmçinin, digər özəl və dövlət qurumlarının elan etdiyi təqaüd proqramlarına qatılaraq, onların təyin etdiyi təqaüdləri qazanırlar”.
Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ayşən Aslanova tələbələrin təhsil aldıqları müddətdə təqaüdlə təmin olunduğunu qeyd edib:
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) təhsilin bütün pillələrinə qəbul dövlət sifarişi əsasında həyata keçirilir. Təhsilalanlar təhsil aldıqları müddətdə təqaüdlə təmin olunurlar. Ali təhsil müəssisəsində dövlət tərəfindən ayrılan tələbə təqaüdündən əlavə, Dinşünaslıq ixtisası üzrə semestr ərzində ümumi ortalama göstəricisi yüksək olan bir tələbəyə "Heydər Əliyev adına təqaüd", İslamşünaslıq ixtisası üzrə semestr ərzində göstəricisi yüksək olan bir tələbəyə isə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən "Şeyxülislam təqaüdü" verilir.
QMİ-nin təsis etdiyi "Vasim Məmmədəliyev adına təqaüd" isə İslamşünaslıq ixtisası üzrə semestr ərzində göstəriciləri yüksək olan üç tələbəyə təqdim olunur.
DQİDK-nin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ayrılan təqaüd isə intitutumuzun bəzi imtiyazlı tələbələrinə (şəhid ailələri, valideynlərini itirmiş, əlilliyi olan və s.) tədris ili müddətində hər il müracitələrinə əsasən aid edilir. Bununla yanaşı, tələbələr onlara təklif olunan digər imkanlardan da tam ödənişsiz şəkildə faydalana bilirlər. Təhsilalanlar pulsuz olaraq dərsliklərlə təmin olunur, əlavə dil kurslarında (ingilis və ərəb dili), peşə hazırlığı kursunda iştirak edirlər. Qeyd edək ki, institutumuzda tələbələr qidalanma xərcləri ilə də təmin olunurlar”.
Azərbaycan Dövlət Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova adlı təqaüdlərin mövcud olmadığını, lakin təhsil haqqı ilə bağlı tələbələrə müxtəlif güzəştlər olduğunu vurğulayıb:
“Universitetimizdə adlı təqaüd yoxdur. Yanvar ayına olan məlumata əsasən, 5774 tələbə (bakalavriat, magistrant, doktorant) təqaüd alıb. Universitetimizdə tələbələrin maddi vəziyyətinə uyğun olaraq, təhsil haqqının hissə-hissə ödənilməsinə imkan yaradılır”.
Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədli onların 900-ə yaxın tələbəsinin təqaüdlə təmin olunduğunu bildirib:
“Qərbi Kaspi Universitetinin tələbələri müxtəlif cür təqaüdlər alırlar. Qəbulda yüksək bal toplayan tələbələr təhsil haqqında 20 faizdən 100 faizədək güzəşt əldə edir, bu faiz toplanan bala görə dəyişir. Məsələn, 600 baldan çox toplayan tələbə ödənişsiz təhsil ala bilir və belə tələbələrimiz də var. 500-599 bal toplayanlar 70 faiz, 450-499 bal toplayanlar 50 faiz, 400-449 bal toplayanlar 40 faiz, 350-399 bal toplayanlar 30 faiz, 300-349 bal toplayanlar 20 faiz güzəşt əldə edirlər. Eyni zamanda, tələbələr qəbul göstəricilərinə və imtahan nəticələrinə uyğun olaraq təqaüdlər alırlar. Həmçinin, valideyn himayəsindən məhrum olan tələbələr təqaüdlər alırlar. Ümumilikdə universitetimizdə 900-ə qədər tələbə təqaüd alır”.
Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova universitetin təqaüd proqramı ilə bağlı məlumat verib:
“Lənkəran Dövlət Universitetində 2022/2023-cü tədris ilinin yaz semestri üzrə bakalavriat səviyyəsində 1929, magistratura səviyyəsində isə 69 təqaüd yeri ayrılıb. Universitetdə prezident təqaüdüçüsü yoxdur. Adlı təqaüd isə ildə 2 dəfə yaz və payız semestrlərində ümumilikdə 4 nəfər üçün təyin olunur. Bu, əsasən semestr üzrə ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan, universitetin Həmkarlar İttifaqı Komitəsinin üzvü olan və ictimai işlərdə fəal iştirak edən tələbələr arasından seçilir. Eyni zamanda, pedaqoji kadr hazırlığı aparılan ixtisaslara yüksək balla qəbul olunmuş tələbələrin siyahısı hər il Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Lənkəran Dövlət Universitetinə daxil olunur. Bu siyahıya uyğun olaraq sonuncu semestrdə 8 tələbəyə “Gələcəyin müəllimi təqaüdü” ayrılıb”.