WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
10 okt

Qanunsuz yolla kəsrini bağladan tələbələr azalıb

Tələbələr müəyyən səbəblərdən oxuduqları universitetlərdən başqa təhsil müəssisələrinə transfer edirlər. Bu zaman fənlərlə bağlı fərqlər olarsa, onların kəsrləri yaranır. Ancaq bəzi tələbələr kəsr imtahanları vermək məsələsini “asanlaşdırmaq” üçün müəyyən vəsait müqabilində imtahan vermədən və ya güzəştli imtahan verərək kəsrlərini bağlayırlar.

 

Maraqlıdır bu tendensiya nə zamandan bəri yaranıb? Tələbələrin təhsili baxımından keyfiyyətə necə təsir göstərir?

 

Məsələyə münasibət bildirməsi üçün professor Elçin Süleymanlı ilə əlaqə saxladıq. AzEdu.az-a açıqlama verən ekspertin sözlərinə görə transfer etdikdən sorna qanunsuz yolla kəsrlərini bağladanlar kütləvi deyil:

 

“Kəsr olduğu zaman kreditə görə edilən ödəniş başqa, rüşvət isə başqa mövzulardı. Bu məsələr daha əvvəl çox ciddi söz-söhbətə səbəb olan bir proses idi. Hazırda isə Elm və Təhsil Nazirliyi bu səpkidə yaranan problemlərin həllini kifayət qədər təkmilləşdirdi. Tələbələrin qaydalara uyğun şəkildə transferi təmin olunur. Bəzi universitetlərdə təhsil prosesi çətin gəldiyindən tələbələr başqa bir asan tədris həyata keçirilən universitetə üz tuturlar. Tələbələr arasında belə bir tendensiya var. Onlar daha asan məzun olub diplom almaq üçün bu yoldan istifadə edə bilirlər. Ancaq tələbələr unudurlar ki, diplom hər şey demək deyil”.

 

Professor düşünür ki, transferlərin əsas səbəbi tələbələrin daha asan məzun ola biləcəkləri universitet istəmələri ilə əlaqədardır:

“Hazırda təhsil alınan universitetdə tədris prosesi çətin gəldiyindən nisbətən asan olduğu düşünülən universitetə köçürülmənin edilməsidir. Bütün universitetlərdə standart səviyyədə tədris həyata keçirilməlidir. Akkreditasiyanın da keçirilmə səbəbləri demək olar ki, bununla əlaqədardır. Region və şəhər universiteti eyni diplomları verir. Ancaq tədrisin keyfiyyətində müəyyən fərqlər var. Bu fərqlərin aradan qaldırılması üçün yoxlamalar həyata keçirilir, həll yolları axtarılır”.

 

“Tələbələrin müəyyən vəsait müqabilində qanunsuz yolla kəsrlərini bağlatması məsələsinin kütləvi olduğunu düşünmürəm.

Transfer edən tələbələrin 3-5%-i bu kimi yollara baş vura bilər. Əksəriyyət isə oxuduğu təhsil müəssisəsinin tədris səviyyəsindən narazı olub daha keyfiyyətli təhsil məqsədilə başqa bir universitetə transfer edir”.

 

 

Müsahibimiz universitetlərin ictimai qınağı və sosial mediada ifşa olmaq təhlükəsini nəzərə alıb belə əməllərdən çəkindiyini hesab edir:

“Artıq cəmiyyət korrupsiya mövzusunda o qədər həssasdır ki, universitetlərin 5-10 il əvvəlki vəziyyətlə indiki arasında çoxlu fərqlər özünü göstərir. Neqativ bir hal yaranan kimi sosial mediada bu haqda çoxlu yazılar gedir, rəhbərlik dəyişilir, Elm və Təhsil Nazirliyi müdaxilə edir və s. Bunu əsas gətirərək deyə bilərəm ki, bu kimi hallar kütləvi xarakter daşımır”.
115

PAYLAŞ