WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
09 okt

“Deputatların təhsili”: Hazırda ikinci doktorluq üzərində çalışıram

Son günlər cəmiyyətdə, eləcə də media və sosial şəbəkələrdə deputatların ali təhsil məsələsi müzakirə predmetinə çevrilib. İddialar dolaşır ki, bəzi deputatlar ya özəl universitetlərdə təhsil alıblar, ya da tanınmayan xarici dövlətlərdən diplom əldə ediblər, amma əksini iddia edənlər də var.

 

 AzEdu.az olaraq bu iddiaları nəzərə alıb deputatların təhsil həyatını özlərindən öyrənib “Deputatların təhsili” layihəmizi silsilə müsahibələrlə təqdim edəcəyik.

 

 

Budəfəki müsahibimiz Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə dokturu Ceyhun Məmmədov haqqındadır.

 

Deputat ilk növbədə orta təhsili haqqında məlumat verib:

 

“Mən Cəbrayılda anadan olmuşam və burada böyüyüb boya- başa çatmışam. Orta təhsilimi Cəbrayıl rayonu Şükürbəyli kəndində almışam. 5-ci sinifdən sonra isə atamın işi ilə əlaqədar rayon mərkəzinə köçdük. Sonrakı ildə təhsilimi Cəbrayıl rayonu o dövrki Maksim Qorki indiki Mehdi Mehdizadə adına məktəbdə davam etdirdim. Həm kənddə, həm də rayon mərkəzində təhsil almağım mənim formalaşmağımda öz rolunu oynadı. Həmçinin, bu mənim dost əhatəmin daha geniş olmağına da təsir etdi. Onlar ilə əlaqələrimizi bu gün də davam etdiririk. Çox maraqlı günlər idi. Bəzən görüşüb həmin xoş günləri bir daha xatrılayırıq. Həmçinin, müəllimlərimizlə qarşılaşanda da həmin günləri yad edirik ”.

 

Həmsöhbətimiz Suriyada təhsil aldığı illəri çətin dövr kimi xatırlayır: 

 

“Orta məktəbi bitirdikdən sonra təhsilimi valideynlərimin tövsiyəsi ilə Suriyada davam etdirmək qərarına gəldim. Ən uzun təhsil dövrlərimdən biri də burada oxuduğum illər idi. Suriyada 7 il təhsil aldım. Əvvəlcə ərəb dilini öyrənmək üçün 3 il kollecdə, sonra isə 4 il müddətində bakalavr təhsili almışam. Hesab edirəm ki, ən maraqlı və ən çətin dövrlərdən biri Suriyada oxuduğum dövrdür. Bura təhsil almaq üçün 1991-ci ilin ortalarında getmişdim. Həmin vaxt ölkənin ən ağır və gərgin dövrlərdən biri idi. Bir müddətdən sonra artıq Sovet hökuməti dağıldı. Sonra 1993-cü ildə Cəbrayıl işğal olundu. Həmin günlər ailəmlə əlaqə qurmaqda çətinliklərlə üzləşirdim.

 

Suriyada təhsil aldığım müddət yalnız 2 ildən bir Azərbaycana qayıdıb ailəmə baş çəkmə kimi imkanım olurdu. Burada Çindən¸ Amerikadan¸ Kanadadan, Malaziyadan, İndoneziyadan, Orta Asiya Respublikalarından Özbəkistan¸ Türkmənistandan eyni zamanda, Ərəb ölkələrindən də çoxlu təhsil alanlar var idi. Onlarla bir yerdə yaşamaq¸ birgə təhsil almaq həm maraqlı¸ həm də müəyyən çətinliklərə səbəb olurdu. Çətinlik ondan ibarət idi ki, bir çox millətin vətəndaşları ilə bərabər olmaq, fikir və düşüncə fərqliliklərinə səbəb olurdu. Düşünürəm ki¸ ən maraqlı dövrlərdən biri Suriyada bakalavr təhsil aldığım dövrlərdir. Həm  müxtəlif mədəniyyətlərlə tanış olmaq, həm də şəriət bilikləri əldə etmək baxımından kifayət qədər maraqlı mərhələ oldu”. 

 

 C.Məmmədov magistratura və doktorantura təhsili ilə bağlı suallara aydınlıq gətirib:

 

“Suriyadan qayıtdıqdan sonra magistr təhsili almaq haqqında düşündüm. Əvvəlcə magistratura təhsilimi  Bakı Dövlət Universitetində almağı fikirləşsəm də, sonradan təhsilimi Xəzər Universitetində davam etdirmək qərarına gəldim. Bu mərhələ də maraqlı oldu. Azərbaycanın ali təhsil mühiti ilə ilk dəfə burada tanış oldum. Hətta bir müddət burada işləmək barədə də düşündüm. 

 

Doktorantura təhsilimi isə əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda davam etdirmək istəsəm də sonradan Əlyazmalar institutunda davam etdirdim. Burada da müəyyən çətinliklərə baxmayaraq təhsilimi uğurla başa çatdırdım.

 

Akademiya sistemində Azərbaycan alimləri ilə ünsiyyətdə olmaq, polemika aparmaq olduqca maraqlı idi. Bütövlükdə isə bütün təhsil pillələri mənim yetişməyimə öz töhfəsini verdi. Hazırda ikinci doktorluq üzərində işləyirəm. İnanıram ki, bu mərhələni də uğurla başa vura biləcəm” - deyə qeyd edib.

 

Esmira Əliyeva

278

PAYLAŞ