06 okt
PROBLEM : “Abituriyentlər savadlı informatika müəllimi tapa bilmir !”
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2023-cü tədris ilindən etibarən ali təhsil müəssisələrinə birinci ixtisas üzrə qəbul proqramına dəyişiklik edərək, İnformatika fənnini əlavə edib.
Yeni yaranan İnformatika - Riyaziyyat (Rİ) altqrupu üzrə sənəd verən abituriyentlərin sayında isə digər qruplara nəzərən azlıq müşahidə olunur.
Belə ki, I ixtisas qrupu üzrə qeydiyyatdan keçən 28865 nəfər içərisindən cəmi 2969 nəfər Rİ altqrupuna sənəd verib.
Abituriyentlərin Rİ altqrupunu seçməməsi nədən qaynaqlanır? Bu altqrup üzrə abituriyentlərin qəbul nəticələri nə yerdədir?
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Ramin Nuraliyevin sözlərinə görə hazırda informatika fənni üzrə orta ümumitəhsil müəssisələrində müasir qəbul proqramına uyğun tədris mövcud deyil:
“Birinci ixtisas qrupunun Rİ altqrupuna imtahan verən abituryentlərin nəticələrinə əsasən deyə bilərik ki, Bakı ilə müqayisədə rayonlarda informatika fənninin tədrisi daha acınacaqlı vəziyyətdədir. Riyaziyyat - Kimya (RK) altqrupuna imtahan verən abituriyentlər fərqli ixtisaslara yönələ bilmək üçün Rİ altqrupuna əlavə imtahan verirlər. Nəticələr isə onu göstərir ki, həmin abituriyentlər informatika fənnindən çox aşağı səviyyədə biliyə malikdir.
Təhsil eskperti vurğulayıb ki, abituriyentlər informatika fənninə hazırlaşmaq üçün savadlı müəllim tapa bilmirlər:
“Bildiyimiz kimi RK altqrupuna imtahan verən abituriyent Rİ altqrupunda 0 bal toplasa belə həmin altqrupa uyğun ixtisasları seçmək haqqı qazanır. Bu il birinci ixtisas qrupunun Rİ altqrupunda balların enməsi abituriyentlərə ali məktəblərə qəbul olmaq üçün şans qazandırdı. İxtisas seçimi zamanı müşahidə etdiyim nüanslardan biri də abituriyentlərin İnformatika fənnindən göstərdikləri aşağı nəticələr idi. Belə ki, 500 bal toplayan şagird, bu fəndən minimum nəticə göstərmişdi. Ondan soruşanda ki, “niyə Rİ altqrupunu seçdiyin halda informatikadan aşağı nəticə göstərmisən?” deyir ki, “hazırlaşmağa yaxşı müəllim tapmadım”.
Həmsöhbətimizin sözlərinə görə artıq universitetlərdə informatika ixtisası üzrə plan yerlərinin artırılması, gələcək illərdə informatika müəllimlərinə olan təlabatı qarşılamağa yönəlmişdir: “Bu gün hər kəs yaxşı informatika müəllimi axtarır. Soruşsaq, bütün məktəblərdə informatika müəllimi var, lakin DİM-in qəbul proqramlarına əsasən abituriyent hazırlayan müəllimlərin olmadığını açıq şəkildə görürük. Bu böyük bir problemdir. Gələcəyin ən çox tələb olunan ixtisaslarından biri məhz informatika müəllimliyidir. Düşünürəm ki, həmin ixtisas üzrə təhsil alan tələbələr özlərini inkişaf etdirsələr onlara böyük ehtiyac duyulacaq”.
Sifayə Abbas
222