04 okt
Təhsildə yaradılan yeni agentliklər bizə nə verəcək...
Prezident İlham Əliyevin 24 iyul 2023-cü il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyi yanında iki qurum yardılıb:
- Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;
- Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
Bu günlərdə hər iki qurumun rəhbəri də təsdiqlənib: Ülkər Səttarova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Eşqi Bağırov isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.
Maraqlıdır, bu agentliklərin fəaliyyəti, eləcə də sözügedən direktor təyinatları təhsil sahəsində hansı dəyişikliklərə səbəb ola bilər?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında deyib ki, konkret sahələr üzrə agentliklərin yaradılması çox önəmli məsələdir:
“İndi biz Elm və Təhsil Nazirliyinin fəaliyyət istiqamətləri üzrə institutlaşmanın daha dəqiq formada müəyyənləşdirildiyini görürük.
Bu agentliklərin yaradılması və rəhbər təyinatları çox vacib idi. Bu gün dövlətimiz elm və təhsil sahəsində bütün gərəkən addımları atır. Elm və Təhsil Nazirliyinin büdcəsi Azərbaycanın dövlət qurumları arasından ən böyük büdcələrdən biridir. Artıq insitutlaşma da həyata keçirilir, qalır təhsil sahəsində islahatların daha da sürətləndirilməsi. Eyni zamanda, insanları düşündürən, narahat edən məsələlərin aradan qaldırılması.
Bu agentliklərin üzərinə çox böyük və mühüm vəzifələr düşür. Düşünürəm ki, bu sahələrə rəhbərlik edəcək şəxslərin daha çox çalışması, təhsilə can yandırması lazımdır.
Bu gün dövlət təhsilin inkişafı, güclənməsi üçün bütün addımları atırsa, təyinat alan məmurlar da öz tphfələrini verməlidirlər. Azərbaycan cəmiyyətinin təhsilimizdən gözləntiləri çoxdur. Sirr deyil ki, təhsildə xeyli narazılıqlar, problemlər var. Buların aradan qaldırılması üçünmüvafiq addımlar atılmalıdır. Belə olduğu təqdirdə biz məqsədimizə, hədəflərimizə doğru irəliləyə bilərik. Yalnız iş görüləcəyi təqdirdə Azərbaycan təhsildə uğur qazana bilər”.
Deputat vəzifəyə təyinat alan məmurlara uğurlar arzulayıb:
“İnanıram ki onlar həm nazirliyin, həm dövlətin etimadını doğruldacaqlar. Bu sahələr çox önəmlidir, hər biri ciddi işlər görməlidir. Təhsilin məzmun və keyfiyyətini yaxşılaşdırmaqla məqsəd və hədəflərimizə nail ola bilək”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova "Təhsil haqqında" Qanunda edilən dəyişikliklərin mühüm əhəmiyyət daşıdığı qənaətində olduğunu bildirib:
“Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsinin təsdiqlənməsi, sənəddə yer alan istiqamətlər üzrə innovativ, çevik, nəticəyönlü və səmərəli idarəetmə modelinin yaradılması nəzərdə tutulan islahatların intesivləşməsinə zəmin yaradacaq.
Hazırda Azərbaycan elminin və təhsilinin qarşısında, Prezidentin, hələ ötən il iyulun 28-də imzaladığı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmandan irəli gələn və özündə qarşılıqlı inteqrasiya prosesini də ehtiva edən bir sıra mühüm vəzifələr durur. Dövlət başçısının imzaladığı sənədlərin bu vəzifələrin həyata keçirilməsi üçün əsaslı hüquqi-normatativ baza yaratmaqla yanaşı, elm və təhsil sahəsində həyata keçirilən islahatların intensivləşməsinə töhfə verəcəyi şübhə doğurmur. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ali və orta ixtisas təhsili müəssisələrində yeni təhsil proqramlarının açılmasına nəzarət etmək səlahiyyətinə malik olması da yeniliklərdən biridir. Bu yenilik aparılan təhsil siyasəti ilə yanaşı, təhsilalanların da həyatına öz müsbət təsirini göstərəcək”.
85