02 okt
“Təhsil biznesdir?” sualına ekspertlərdən maraqlı YANAŞMA
Hazırda həyatın demək olar ki, bütün sahələrində biznes marağı güdülür. Görülən hər bir işdən maliyyə əldə edilməsi üçün müxtəlif yollar aranır. Bunu təhsil sahəsinə də aid etmək olar.
Elə təhsil eksperti Vüsal Kərimlinin ictimaiyyətə ünvanladığı “Təhsil biznesdir?” sualı da bundan qaynaqlanır. Ekspertin sualına cavab olaraq müxtəlif şəxslər fərqli fikirlər ortaya qoyublar.
Dosent İlham Əhmədovun sözlərinə görə, təhsilin pulsuz olduğu sosialyönümlü ölkələrdə təhsil biznes deyil:
“Təhsilin xidmət növü hesab edildiyi ölkələrdə bu xidmətə görə vətəndaş ödəniş etməli olur. Bu halda təhsil biznesdir. Bizim "Təhsil haqında" Qanunda yazılıb ki, təhsildən şəxsi mənfəət məqsədi ilə istifadə etmək olmaz. Amma bu gün dünyada biznes universitetləri, sahibkar universitetlər getdikcə geniş yayılır. Bizim ATM-nin PHŞ olması onların yaşaması üçün biznes fəaliyyəti göstərmisini zəruri edir”.
Təhsil eksperti Kamran Əsədov isə suala cavab olaraq “Təhsil haqqında” Qanunun 38-ci maddəsindən sitat gətirib:
"Təhsil haqqında" Qanuna əsasən, təhsil müəssisələrinin qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti ilə yanaşı, digər mənbələrdən gəlir əldə etmək hüquqları müəyyənləşdirilib. Belə ki, Qanunun 38-ci maddəsinə əsasən, təhsil müəssisələri qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir.
Qanuna əsasən, təhsil müəssisələrinin əlavə maliyyə vəsaitləri əldə etməsi baxımından müasir dövrdə mühüm iqtisadi əhəmiyyət kəsb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hüquqi əsası da müəyyənləşdirilib.
Ekspert son 30 ilin təcrübəsinə əsaslanaraq qeyd edib ki, təhsil müəssisələri daha çox maliyyə vəsaitləri əldə etmək üçün alternativ gəlir mənbələrindən istifadə edirlər.
Təhsil işçisi Sadiq Qaçayev isə təhsilin turizmin ayrılmaz tərkib hissəsi olduğunu deyərək, məsələyə tamam fərqli yanaşma nümayiş etdirib:
“Mənə elə gəlir ki, ölkəmizdə bu sahəyə az da olsa, diqqət ayrılır. Amma universitetlərin əcnəbi vətəndaşların ali təhsilə cəlb edilməsi üçün hazırladıqları strategiyalarda Azərbaycanın ədəbiyyatı, tarixi, incəsənəti, təbiəti, elm adamları haqqında və digər vacib məlumatlar daha çox yer almalı və onların özlərinin birbaşa təqdim etdikləri imkanların yanında bir alət kimi istifadə olunmalıdır”.
90